Ankara 2026-cı ildə türk dünyasının turizm paytaxtı seçildi

Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Ankaranın 2026-cı ildə türk dünyasının turizm paytaxtı seçildiyini açıqlayıb.
AFN-in TRT Haber-ə istinadən verdiyi məlumata görə, Məhmət Nuri Ərsoy bu xəbəri sosial media hesabında etdiyi paylaşım vasitəsilə ictimaiyyətə çatdırıb.
Nazir paylaşımında “Tarixi, mədəniyyəti və ruhu ilə bu ad Ankara şəhərimizə çox yaraşdı. Bu gün Türk Dövlətləri Təşkilatı turizm nazirlərinin 10-cu toplantısında qəbul edilən ortaq qərarla paytaxtımız Ankara 2026-cı il üçün türk dünyasının turizm paytaxtı elan edildi” deyib.
Ankaranın Qordiondan Anıtqəbirə, Roma hamamından CSO Ada Ankara mərkəzinə qədər uzanan zəngin irsi, muzeyləri, incəsənət müəssisələri və mədəni müxtəlifliyi ilə türk dünyasının ortaq yaddaşını əks etdirən nadir şəhərlərdən biri olduğunu vurğulayan Ərsoy “Anadolunun qəlbində yüksələn bu qədim paytaxt artıq təkcə Türkiyənin deyil, bütün Türk dünyasının mədəniyyət və turizm vitrininə çevriləcək” deyə əlavə edib.
Nazir sonda qeyd edib ki, 2026-cı il boyunca Ankara birlikdə kəşf olunacaq və şəhərin daşıdığı dəyərlər qardaş xalqlarla paylaşılmağa davam edəcək.