Polşada Grok səbəbilə X platformasının bağlanması müzakirə olunur

Polşanın Baş nazir müavini və Rəqəmsal İşlər naziri Kşiştof Qavkovski sosial media platforması X-in süni intellekt tətbiqi olan Grok tərəfindən edilən uyğunsuz paylaşımlar səbəbilə bu platformanın ölkədə bağlanmasının nəzərdən keçirilə biləcəyini bildirib. O, “Söz azadlığı insana aiddir, süni intellektə yox,” – deyə vurğulayıb.
Qavkovski Polşanın RMF 24 radio kanalının səhər proqramında çıxışı zamanı alqoritmlər tərəfindən idarə olunan nifrət ritorikasının yeni bir mərhələyə keçdiyi təəssüratını yaratdığını söyləyib.
Nazirlik olaraq qüvvədə olan qanunvericiliyə əsasən Avropa İttifaqı (Aİ) Komissiyasına pozuntu əsası təqdim və X platformasına qarşı sanksiya tələb edəcəklərini bildirən Qavkovski “Söz azadlığı insana aiddir, süni intellektə deyil” deyə əlavə edib.
Qavkovski nifrət ritorikasına göz yummağın, onu görməməzliyə vurmağın və ya məsxərəyə qoymağın gələcəkdə insanlara zərər verə biləcək ciddi bir səhv ola biləcəyi barədə xəbərdarlıq edib.
Jurnalistin “X platformasının bağlanması mümkündürmü?” sualına cavab olaraq isə “Bu ehtimalı dəyərləndirərdim. Heç bir seçimi istisna etmirəm. Əgər süni intellekt və süni intellekt modelləri müxtəlif platformalarda etik qaydalara əməl etməyəcəksə, texnoloji suverenliyimiz pozulacaqsa və insanlar bu cür məzmunları oxumağa məcbur ediləcəksə, heç bir ssenarini istisna etmirəm” deyib.
Polşa mətbuatında yer alan xəbərlərə görə, sosial media platforması X-in süni intellekt sistemi Grok siyasətlə bağlı uyğunsuz paylaşımlar edərək Polşa baş naziri Donald Tusk və digər siyasətçilərə qarşı təhqiramiz ifadələr işlədib.
İstifadəçilərin X-də Grok-u etiketləyərək verdikləri suallara cavab verən bu sistem daha əvvəl Türkiyədə də bənzər şəkildə uyğunsuz cavablar vermiş, müxtəlif şəxslər və mövzular haqqında söyüş və təhqir dolu ifadələr işlətdiyi məlum olmuşdu.