Belçikada yüzlərlə miqrant uşaq itib


Belçikada 2024-cü il ərzində 774 müşayiətsiz qaçqın uşaq itib. Bu itkilərdən azı 101-i “xüsusilə narahatedici” kateqoriyasına daxil edilib. Sözügedən statistika Groen partiyasından deputat Matti Vandemaelenin sorğusu əsasında açıqlanıb və De Standaard qəzetində dərc olunub.



2024-cü ildə itkin düşən uşaqlardan cəmi 246-sı tapılıb, 500-dən çoxundan isə hələ də məlumat yoxdur. “Xüsusilə narahatedici” kimi qiymətləndirilən 101 hal isə uşağın 13 yaşından kiçik olması, son dəfə təhlükəli bir yerdə və ya şübhəli şəxslərin yanında görülməsi, yaxud fiziki və ya psixoloji qüsurunun olması kimi meyarlara əsaslanıb.



Bənzər sayda uşaq itkisi 2023-cü ildə də qeydə alınıb.



"Dövlət bu uşaqları qoruya bilmir"



De Standaard-a danışan Vandemaele bildirib ki, yetkin bir insanın müşayiəti olmadan qaçmaq məcburiyyətində qalan uşaqlar son dərəcə müdafiəsizdirdövlətimizin bu uşaqları qoruya bilməməsi böyük bir uğursuzluqdur.



Ümumilikdə 2200-dən çox itkin uşaq



Qaçqınlara dəstək verən Vluchtelingenwerk Vlaanderen adlı təşkilat son illərdə Belçikada ümumilikdə 2241 müşayiətsiz qaçqın uşağın itkin düşdüyünü bildirib.



Vandemaele bu uşaqlara ölkəyə gələn andan etibarən qəyyum təyin olunmalı və onlara lazımi dəstək göstərilməli olduğunu vurğulayıb.



O həmçinin uşaqların küçələrdə başıboş qalmasının qarşısını almaq üçün fərdi qayğı və dəstək təmin edən xüsusi yaşayış mərkəzlərinin yaradılmasını təklif edib.



Avropa səviyyəsində fəaliyyət planı çağırışı



Vandemaele Belçikalı uşaq hüquqları təşkilatı Child Focus-un daha əvvəl irəli sürdüyü təklifə istinad edərək, uşaqların itkin düşməsinin qarşısını almaq üçün Avropa miqyasında fəaliyyət planı hazırlanmasına çağırıb.



“Qaçan hər bir uşaq yeni və təhlükəsiz ev axtarır. Amma çox vaxt qarşılaşdığı şey istismar və ya cinayət qurbanı olma riskidir” – deyə əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu