Dövlət Komitəsi: "Şövkət Əliyeva bütün təkliflərdən imtina etdi"


Xəbər verildiyi kimi, bir müddət əvvəl səhər tezdən qızını da yanına alıb işə çıxdığı əks olunan fotosu ilə sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olan Şövkət Əliyeva işdən çıxarıldığını bildirib. Ş.Əliyeva bildirib ki, mayın 14-də həmin foto geniş yayıldıqdan sonra işlədiyi Səbail rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Paşa Məmmədov onu çağıraraq bu günlərdə işə gəlməməyi, ümumiyyətlə ortalıqda çox görünməməyi tapşırıb.
Səbail rayon MKİS rəisi Paşa Məmmədov xanımın dediklərini təkzib edib.


Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsi də Şövkət Əliyeva və onun haqqında sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu AFN-ə bildirib ki, Əliyeva Şövkət İntiqam qızı Komitəyə sosial şəbəkələrdə yayılmış paylaşımlardan sonra yönləndirilib:“Komitə səlahiyyətləri çərçivəsində xanımın problemlərinin aradan qaldırılması məqsədilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə müvafiq tapşırıq verib. Ş.Əliyeva ilə əlaqə saxlanılıb və Mərkəzin əməkdaşlarının xanımın evinə səfər etməklə bağlı müraciətlərinə cavab olaraq Ş.Əliyeva evdə olmadığını bildirib. Buna rəğmən xanımla telefon danışıqları mütəmadi olaraq davam etdirilib. Daha sonra mərkəzə gəlmək üçün imkanı olmadığını bildirən Ş.Əliyeva üçün Mərkəz tərəfindən xüsusi nəqliyyat vasitəsi ayrılıb və o, mərkəzə dəvət edilərək onunla söhbətlər aparılıb.

Söhbət əsnasında məlum olub ki, xanım rəsmi nikahda olduğu həyata yoldaşından boşanıb. Onun bir qız, iki oğlan olmaqla üç övladı var. İki oğlu atasındadır, qızı Ayan isə özü ilə qalır. Məlum fotoşəkil sosial şəbəkələrdə yayıldıqdan sonra Ş.Əliyeva və qızı Ayan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən sığınacağa yerləşdirilib və bir müddət orada qalıb. Orada xanımın və qızının tibbi müayinə və müalicələri ilə bağlı müvafiq olaraq həkimlərlə əlaqə saxlanılıb. Xanım onun üçün görülən tədbirlərdən razı olduğunu bildirib. Lakin, daha sonra Ş.Əliyeva qızı ilə birgə öz istəyi əsasında sığınacaqdan ayrılıb.

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ilə söhbət zamanı xanım işləmək istədiyini desə də, uşağa baxan heç kimin olmadığını əsas gətirərək, övladının sığınacağa yerləşdirilməsi xahiş edib. Onun istəyi əsasında Mərkəz tərəfindən azyaşlı Ayan “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına yerləşdirilib. Xanıma da orada qızı ilə birgə yaşaya biləcəyi bildirilib, lakin o, sığınacaqda qalmaqdan imtina edərək öz evində qalmaq istədiyini deyib.

Ş.Əliyeva ona edilən bir neçə iş təkliflərindən ya məsafənin uzaqlığı səbəbindən ya da işin ona uyğun olmadığını əsas gətirərək imtina edib. Bütün bunlarla yanaşı ona digər iş təklifləri barədə də məlumat verilib. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə də xanımın işlə təmin olunması istiqamətində müraciət ünvanlanıb. Onu da qeyd edək ki, Ş.Əliyevaya əvvəlki iş yerinə bərpa edilməsi ilə bağlı təklif edilsə də, o köhnə iş yerinə qayıtmaq istəmədiyini bildirib”.

T.Mərdanoğlu ananın və qızın sağlamlıq durumları ilə bağlı TƏBİB ilə də danışıqlar aparıldığını qeyd edib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Ş.Əliyevanın özünün muayinəsi, eləcə də qızının ayağındakı dörüdüncü dərəcəli yanıq xəsarətləri ilə bağlı müayinə və müalicə üçün TƏBİB-lə danışıqlar aparıb. Ş.Əliyeva əməkdaşlarımızla söhbəti zamanı Komitə tərəfindən onun üçün atılan bütün addımları yüksək qiymətləndirib və razı qaldığını bildirib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu