Dövlət Komitəsindən ana ilə körpəsinin ölümü haqda açıqlama
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aytən Niftəliyeva və körpəsinin ölümü ilə bağlı açıqlama yayıb.
AFN həmin açıqlamanı təqdim edir:
“İctimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə Aytən Niftəliyeva və körpə qızının ölümü ilə nəticələnən hadisə barədə yayılan məlumatla bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bu kimi hadisələrin cəmiyyəti sarsıdan, insanlara və ailələrə faciəvi təsirini önləmək üçün vətəndaşlardan məişət zorakılığı hallarının şahidi olduqda Komitəyə, o cümlədən 860 qaynar xəttinə müraciət etmələrini xahiş edirik.
Bir daha qeyd etmək istəyirik ki, qadınlara, uşaqlara, o cümlədən öz doğmalarına qarşı zorakılıq yolverilməzdir və biz hamılıqla belə halları şiddətlə qınamalı, həmçinin öz vətəndaşlıq borcumuzu yerinə yetirərək müvafiq dövlət orqanları və ictimai qurumlarla birgə bu bəlaya qarşı mübarizə aparmalıyıq”.
Xatırladaq ki, rəsmi məlumata görə, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.
Aytən Niftəliyevanın ailəsi isə hadisənin intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşını ittiham edir.