Səfirlik Los-Ancelesdəki hadisələrlə bağlı hərəkətə keçdi - VİDEO




İyulun 23-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və nazir müavini Xələf Xələfovla görüş keçirilib. Görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib.

Daha sonra isə iyulun 21-də Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin qarşısında baş verənlər məruzə olunub. Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. O, ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qaraguruhdan ibarət olduğunu qeyd edib. Məsələnin nəzarətə götürüldüyünü, ən tez zamanda tədbirlərin görüləcəyini deyib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da ABŞ-nın müxtəlif ştatlarında yaşayan çoxsaylı icma üzvləri ilə video görüş keçirib. Səfir erməni lobbisinin ölkəmizə qarşı təxribatların artmasını nəzərə alaraq Azərbaycan icmasını daha da fəal olmasına çağırış edib.

O, qeyd edib ki, vətəndaşlarımız və soydaşlarımızın etiraz aksiyasında təmkinli və mədəni davranışı digərlərinə nümunə kimi göstərilə bilər və ermənilərin olduqca aqressiv və vəhşi aparması ilə heç cürə müqayisə oluna bilməz.

Elin Süleymanov hazırda ABŞ-da diplomatik missiyaları da daxil olmaqla Azərbaycan vətəndaşlarına erməni radikal qrupları tərəfindən real təhdidin olması nəzərə alaraq soydaşları olduqca ehtiyatlı və təhlükəsizliklərini qorumağı çağırış edib.

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı da məlumat yayıb.

"Əziz həmvətənlər, #erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlar paylaşılıb. Tərəfimizdən bununla bağlı dərhal Los Anceles Polis İdarəsinə məlumat verilərək məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub. Eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq".

Konsulluq həmvətənlərimizi tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu