“Qarşıdakı aylarda bağlanacaq bankların adını çəkmək düzgün deyil” - EKSPERT
"İri banklar daha da böyüyəcək, kiçik banklar isə zəifləyərək sıradan çıxacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev payız aylarında bağlanacağı ehtimal edilən banklardan danışarkən deyib. Ekspert qarşıdakı aylarda bağlanacaq bankların adlarının çəkilməsinin düzgün olmadığını bildirib:
"Çünki bank sektoru çox həssasdır. Hansısa bankın adının çəkilməsi onun üçün problemlər yarada bilər. 4 bank bağlandı. Son hadisələrdən sonra digər banklarla bağlı suallar ortaya çıxır. Bu bankların açıqladığı məlumatlarla Mərkəzi Bankın məlumatları arasında ziddiyyət var. Bu bankların kapitalı 50 milyon olan normativə yaxın, bəziləri isə 50 milyondan çox idi. Mərkəzi Bankın açıqladığı rəsmi məlumatda isə bunlarda tamam fərqli rəqəmlər oldu. Bu ziddiyyətli açıqlamalardan sonra artıq digər bankların da məlumatlarına şübhə ilə yanaşırsan. Düşünürüəm ki, digər banklar haqqında fikir söyləmək çətindir”.
Ekspertin fikrincə, əsas problem hesabatların vaxtında verilməməsidir:
"Son hadisələrdən sonra düşünürəm ki, bank sektorunda konsentrasiya artacaq. Əhali iri bankalar üz tutacaq. Çünki kiçik bankların bağlanmasından qorxacaqlar. Sahibkarlar əmanətlərini iri banklara yönəldəcəklər. Nəticədə iri banklar daha da böyüyəcək, kiçik banklar isə zəifləyərək sıradan çıxacaq”.
Samir Əliyev qeyd edib ki, hazırda bir necə bank çətin dövrünü yaşayır:
"Onların vəziyyəti ilə bağlı Mərkəzi Bank qərar verəcək. Əmanətlərin tam sığortalanması dekabrın 4-də başa çatır. Bu müddətə kimi daha bir neçə bankla bağlı sərt qərar verilsə, yəni bağlansa, ya digər məqsədlər üçün birləşmək, yaxud da satılmaq məqsədi ilə müvəqqəti inzibatçı müəyyən edilsə, təəccüblənmərəm”.