Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransına qatılacaq
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının mayın 3-də keçiriləcək onlayn toplantısına qatılacaq.
AFN xəbər verir ki, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş toplantı əsasən koronavirus pandemiyası şəraitində medianın fəaliyyət istiqamətləri ilə bağlı olacaq.
“Media: koronavirusdan əvvəl və sonra” mövzusundakı onlayn tədbirdə quruma üzv təşkilatların rəhbərləri təmsil etdikləri ölkələrdə medianın durumuna dair məruzələrlə çıxış edəcəklər. Həmçinin pandemiyanın media fəaliyyətinə təsirləri müzakirə olunacaq. Mövcud xüsusda kütləvi informasiya vasitələrinin ümumən peşəkarlıq xüsusiyyətlərinə nəzər salınaraq, jurnalistlərin etik standartlara nə dərəcədə əməl etmələrinin konkret situasiyalarının təhlili aparılacaq, problem və çatışmazlıqlar qruplaşdırılacaq.
Avropadan, Asiyadan, Afrikadan ümumilikdə 20-dən çox ölkənin təmsilçisinin qatılacağı toplantının yekunu olaraq Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının media fəaliyyətinə dair tövsiyələrinin hazırlanması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov assosiasiyanın sədrinin birinci müavinidir. O, bu posta qurumun 2019-cu ilin sentyabrında Bakıda keçirilmiş illik toplantısında seçilib.
Xatırladırıq ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Habelə Naxçıvan Mətbuat Şurası da bu mötəbər təşkilatda təmsil olunur.