SOCAR: “Mübariz Mənsimovun saxlanılması şirkətin kommersiya marağında ola bilməz”
Son günlərdə Türkiyədə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) adı hallandırılıb.
“Report”un verdiyi xəbərə görə, bu məsələ ilə bağlı SOCAR-ın açıqlamasında qeyd edilib ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. “Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən “Palmali” qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz”,- açıqlamada qeyd edilib.
SOCAR Türkiyə Cümhuriyyətinin ədliyyə sisteminin effektivliyinə inanır və məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.