Əli Həsənovun adamları üsyana qalxdılar: Gülsel Səfərova, Bəhruz Həsənov, Cəmaləddin Quliyev...




Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Gülsel Səfərova Prezident İlham Əliyevə müraciət ünvanlayıb. AFN xəbər verir ki, o, müraciətini feyzbukdakı hesabında paylaşıb.



Həmin paylaşımı təqdim edirik:

Məni tanıyan hər kəs bilir ki, uzun illər gənclər hərəkatının ən fəallarından biri olmuş, cənab Prezident İlham Əliyevlə fəal ictimai gənclərlə birlikdə görüşdə iştirak etmiş, son 5 ildə Prezident Administrasiyasında işləmiş, dövlət qulluğunun müşaviri olmuşam. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclasda 5 il nümayəndə heyətinin üzvü olmuş, 30-dan artıq ölkədə dövlətimi rəsmi və ya ictimai əsasda təmsil etmişəm. Bununla bağlı çox yazmayacam.
Lakin hazırda mənim kimi ölkə başçısına və dövlətinə sadiq olan şəxsləri narahat edən məqamları yazmaq istəyirəm. Artıq 4 aya yaxındır ki, mənimlə birlikdə 20-dən artıq Administrasiya əməkdaşı səbəb qeyd edilmədən işindən kənarlaşdırılıb. Mən hər zaman dövlətimə vicdanımla işləyib, Cənab Prezident və Birinci Vitse-prezidentin həyata keçirdiyi siyasi kursun icraçısı olmuşam.



Cənab Prezident,

Şəxsən mən ilk növbədə PA rəhbəri Samir Nuriyevə aidiyyatı problemlə bağlı məktub ünvanladım, lakin məktub aylardır cavabsız qaldı. Daha sonra Sizə müraciət məktubu ünvanladıq. Bildiyim qədəri ilə bu məsələ ilə əlaqədar Prezidentin köməkçisi Anar Ələkbərov və PA rəhbəri Samir Nuriyev məşğuldur. Lakin onlara çatmaq hazırda qeyri-mümkün bir hadisəyə çevrilmişdir. Ona görə də müraciətimi “facebook” üzərindən etməyə məcbur qaldım. Məktublara cavab verilməmiş, hansı səbəbə kənarlaşdırıldığım barədə heç bir məlumat almamış və 2011-ci il iyulun 1-də imzaladığınız fərman icra edilməmişdir. Fərdi və ya kollektiv müraciətlərimə baxmayaraq, heç bir əlaqə yaradılmamışdır.

Sizin hər bir məsələyə olduqca ədalətli və diqqətli yanaşdığınızı bildiyimə görə bu müraciətin də öz müsbət həllini tapacağına inanıram.



Qeyd edək ki, G.Səfərova PA İctimai-siyasi şöbənin sabiq müdiri Əli Həsənovun yaxın adamı hesab edilir. Onun paylaşımının altından şöbənin digər əməkdaşları, Ə.Həsənovun yaxın adamları kimi tanınan Cəmaləddin Quliyev və Bəhruz Həsənov da G.Səfərovaya dəstək nümayiş etdiriblər.
Onu da qeyd edək ki, B.Həsənovda feyzbukda oxşar status yazıb: "Siz məktublara əhəmiyyətsiz yanaşıb, onları ölkə başçısından gizlədəndə, əlbəttə, ki, bunlar ictimailəşəcək. Dövlət tərbiyəsi insanı susmağa vadar edir, amma bu, dövlətə sədaqətli kadrların məhv edilməsi, küsdürülməsi ilə nəticələnməməlidir!"




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu