ABŞ-ın “Taliban”la imzalayacağı sazişin tarixi açıqlandı
ABŞ hökuməti “Taliban” hərəkatı ilə sülh sazişini fevralın 29-də imzalamaq niyyətindədir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamasında bildirilir.
Açıqlamaya görə, tərəflər arasında aprılan danışıqlarda Əfqanıstandakı münaqişəni sona çatdırmaq, ABŞ-ın regiondakı mövcudluğunu azaltmaq üçün siyasi məsələlərin çözülməsinə dair müzakirələr aparılır.
Xatırladaq ki, bundan əvvəl tərəflərin Əfqanıstanda zorakılıq səviyyəsini azaltmaq barədə razılaşması bu gecə qüvvəyə minəcək və 7 gün gözləniləcək.
Ötən il ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad “Taliban”ın Dohadakı siyasi nümayəndəliyi ilə 8 mərhələdən ibarət danışıqlar aparıb. Bu danışıqlar zamanı razılaşdırılan saziş layihəsində atəşkəsin bərqərar olmasını, ölkədən əcnəbi qüvvələrinin çıxarılmasını, ölkədəki bütün siyasi qruplar arasında sülh danışıqlarının aparılmasını nəzərdə tuturdu. Lakin sentyabr ayında bir sıra şəhərlərdə “Taliban”ın törətdiyi bildirilən hücumlardan sonra ABŞ prezidenti Donald Tramp danışıqları dayandırmaq və sazişin imzalanmasını təxirə salmaq göstərişi verdi.