Murad Cəfərov Lənkəranda daha bir izdihamlı görüş keçirib - FOTOLAR




Lənkəran şəhər Mədəniyyət Mərkəzində 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Murad Cəfərovun həmin seçki dairəsində yaşayan seçicilərlə görüşü keçirilib.



Böyük izdihamla və coşqu ilə keçən görüşdə deputatlığa namizəd Murad Cəfərovu dəstəkləmək üçün Bakı Dövlət Universitetinin kafedra müdiri, elmlər doktoru, professor Eldar Məsimov, Əməkdar incəsənət xadimi, kinoşunas, professor Aydın Kazımov, Xalq rəssamı, professor Arif Hüseynov, əslən Lənkərandan olan, elmlər doktoru, professor Yaşar Şahverdiyev və Bakı Dövlət Universitetinin bədən tərbiyəsi və idman kafedrasının müdiri Akif Atakişiyev kimi tanınmış ziyalılar, elm-təhsil, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.
Görüş zamanı deputatlığa namizəd Murad Cəfərov əvvəlcə öz seçki platformasınə təqdim edib, seçiciləri maraqlandıran məsələlərdən, Lənkəran bölgəsinin inkişaf perspektivlərindən danışıb, bölgədə sosial durum, yeni iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması, lənkəranlıların maddi-rifah halının yaxşılaşdırılması məsələlərinə toxunub. Namizəd həmçinin seçicilərini narahat edən suallara ətraflı və müfəssəl cavablar verib. Seçicilərin verdiyi suallar və onları maraqlandıran əsas məsələlər illərlə Lənkəranda yığılıb qalmış və öz həllini tapa bilməyən problemlər, o cümlədən məktəblərdə istilik sistemlərinin işləməməsi, şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılması, təmir vəziyyətinin uşaqların sağlamlığına təhlükə törətməsi, dövlət orqanlarının bəzi əməkdaşlarının korrupsiyaya qurşanması, seçicilərin iradəsinə yerlərdə qanunsuz təsir göstərilməsi və digər mənfi təzahürlər ətrafında olub, ən əsası da, bütün bu problemlərlə rayon səviyyəsində əlaqədar strukturların ilgilənmədiyi və ya onların çözülməsində aciz olduqları bildirilib və bunların əhali içərisində narazılıq yaratdığı göstərilib. Namizəd qeyd edilən bütün bu problemlərlə bağlı öz mövqeyini bildirib, onların həlli yolları barədə məlumat verib, seçicilərilə öz gələcək planlarını, Lənkəranın indisi və gələcəyi barədə fikir və düşüncələrini bölüşüb. Çox səmimi fikir mübadiləsi şəraitində keçən görüş Lənkəran camaatının Murad Cəfərov barədə pozitiv mövqeyini nümayiş etdirib. Görüş əsnasında Lənkəran ictimaiyyətinin nümayəndələri dəfələrlə, təkrar-təkrar bildiriblər ki, onlar Murad Cəfərova inanır və onların bir sıra müşkül problemlərini həll edəcəyinə böyük ümidlər bəsləyirlər.
Görüş göstərib ki, M.Cəfərovun düşünülmüş və geniş seçki platforması Lənkəran seçicilərində maraq doğurmaqla yanaşı, lənkəranlıların qəlblərində parlaq gələcəyə böyük ümidlərlə doldurub. İzdihamlı keçən tədbir aydın şəkildə göstərib ki, Lənkəran eli böyük dəyişikliklər qarşısındadır və bu dəyişiklikləri gətirən, bu dəyişiklikləri gerçəkləşdirməyə qadir olan Murad Cəfərovu bütünlüklə dəstəkləyir. Bu görüş seçicilərlə namizəd arasında tam anlaşma olduğunu və seçicilərin M.Cəfərovdan məmnunluğunu çox bariz surətdə göstərib. Sonda görüşü yekunlaşdıran M.Cəfərov belə görüşlərin, xüsusilə, seçkilərdən sonra tez-tez olacağını və xalqın səsinin eşidiləcəyini bildirib.





































AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu