Ölkənin bütün avtovağzalları gücləndirilmiş iş rejiminə keçdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti dekabrın 25-dən respublikanın 56 avtovağzal və avtostansiya kompleksi gücləndirilmiş iş rejiminə keçib.
Qurumdan Trend-ə verilən məlumata görə, ötən il Yeni il bayramı ilə əlaqədar ümumilikdə respublika üzrə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlara səfər edənlərin daha çox olması səbəbindən ən çox sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Bu ildən gecə reysləri xətlərə əlavə olunduğu və Cocuq Mərcanlı xətti əlavə olaraq üç avtovağzaldan hərəkət etdiyi üçün bayram ərəfəsində sıxlığın daha çox olacağı ehtimalı var:
"Ona görə sərnişinlərimizə tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən kassalardan əldə etsinlər. Region avtovağzallarından ən çox sıxlığın Gəncə, Mingəçevir, Şirvan, Şəki və Lənkəranda müşahidə ediləcəyi ehtimal olunur. Ehtiyat avtobuslar dekabrın 25-dən yanvarın 2-nə qədər Bakı Beynəlxalq Avtovağzal Kompleksinə, bayramın son günlərində region avtovağzal və avtostansiyalarına təqdim ediləcək”.