Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün dekabrın 28-dən yanvarın 5-dək respublikanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.