Azərbaycanın Qarabağ strategiyası dəyişib: Hərbi təzyiq... (ŞƏRH)




"Bu görüşdən sonra da artıq yenə də deklorativ bəyanatlar verilsə, onda demək olar ki, danışıqlar tam şəkildə dalana dirənib”.



AFN xəbər verir ki, bunu Qaynarinfo-ya siyasi ekspert Arzu Nağıyev ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada 4 dekabrda işinə başlayan 26-cı illik görüşü ərəfəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan dövlətinin mövqeyini şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil etdiyi dövlətlər yenə də saxta bəyanatlarla yadda qalsa, bu, artıq Azərbaycanın ərazi bütövlüyünə təhqir deməkdir:

"Məlum məsələdir ki, iclasda əsas mövzu ATƏT məkanında münaqişlərin həlli, Ukraynada, Dağlıq Qarabağda və başqa bölgələrdəki vəziyyətlərin müzakirəsidir. Bu görüşdən sonra da artıq yenə də deklorativ bəyanatlar verilsə, onda demək olar ki, danışıqlar tam şəkildə dalana dirənib. Azərbaycanın təklif etdiyi variantların hamısı, istər Vyana, Kazan protokolları, istər Sankt-Peterburq görüşlərinin sənədlərində hər şey öz əksini tapıb. Yəni, əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür. Bu bütövlük məsələsindən sonra qoşunların çıxarılması və s. kimi proseslər davam etməlidir. Hətta Birləşmiş Millətlər Təşkilatının qətnamələri haqqında da geniş müzakirəyə səbəb ola biləcək sənədlər təqdim olunub. Bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təmsil etdiyi, eyni zamanda ATƏT-ə daxil olan dövlətlər yenə də saxta, sadə bəyanatlarla yadda qalsa, bu, artıq Azərbaycanın ərazi bütövlüyünə təhqir deməkdir. Bu isə istər qlobal, istər regional şəkildə hərbi qarşıdurmaya gətirib çıxara bilər. Bunu ATƏT dərk etməlidir və bu istiqamətdə müvafiq addımlar atmalıdır. Hətta erməni separatçılarının keçiriləcək seçki ilə bağlı irəli sürdükləri müəyyən prinsiplərə ATƏT birmənalı şəkildə cavab verməlidir. Bu, nə seçkidir, hansı beynəlxalq hüquq normalarına söykənir və s... Yəni, burada artıq ermənilərin şıltaqlığı, yaxud "Qarabağ kartı"ndan istifadə, özlərini məzlum kimi göstərmək kimi məsələlər keçə bilməz. Buna görə də çox ciddi müzakirələr aparılmalı, konkret olaraq fikirlər sənədlərlə və beynəlxalq hüquq normalarına söykənməklə ortaya qoyulmalıdır".

"Ermənistanın şərtləri qəbul etməyəcəyi təqdirdə Azərbaycan hansı addımı atmalıdır?" sualına isə politoloq Elxan Şahinoğlu belə cavab verib: "İlk dəfə deyil ki, bizim şərtləri qəbul edirlər. 25 ildir elə belə də davam edir. Biz deyirik ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında rayonlar boşaldılmalıdır, azərbaycanlılar geri qayıtmalıdır, ondan sonra danışıqlara başlamalıyıq, bunlar isə tərsinə deyirlər. Ki, statusu müəyyənləşdirən referendum tarixi sazişə salınsın, ondan sonra biz Qarabağ ətrafındakı hamısı da yox ha, 5 rayonun boşaldılmasına da, azərbaycanlıların geri qayıtması müzakirəsinə də razıyıq... Bu isə, bizim maraqlara cavab vermir. Çünki referendum maddəsi sənədə salınsa, ermənilər Qarabağda çoxdur və aydın məsələdir ki, referendumda müstəqilliyə səs verəcəklər.

Azərbaycan artıq sülhün tərəfdarı deyil. Azərbaycan görür ki, sülh danışıqları nəticə vermir. Biz sülhün tərəfdarı olsaydıq, 2016-ci ildə Aprel döyüşləri və yaxud keçən il Naxçıvanda, bu il Qazaxda hərbi əməliyyatlar keçirməzdik. Bizim strategiyamız artıq dəyişib. Çünki aydın oldu ki, danışıq yolu ilə biz bu məsələni həll edə bilməyəcəyik. Hərbi təzyiqi artırmalıyıq. Danışıqları da davam etdirməliyik, çünki bunu etməsək, beynəlxalq aləmdə bizə qarşı təzyiq arta bilər. Amma danışıqları davam etdirsək də, qarşı tərəfə gücümüzü də görtərməliyik".

Xatırladaq ki, dünən Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada 4 dekabrda işinə başlayan 26-cı illik görüşü ərəfəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan dövlətinin mövqeyini təqdim edib.

Sənəddə qeyd olunur ki, ilk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır: "Bu, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsinin və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək”.

Yekunda bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daxilində bölgənin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir:

"Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”.(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu