"Qarabağ" yenidən APOEL-ə qarşı
"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olacaq. Cənubi Kiprin paytaxtı Nikosiyadakı "GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21.55-də start götürəcək.
Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında heç-heçə qeydə alınıb – 2:2. "Qarabağ"la APOEL cari mövsümdə Çempionlar Liqasının III təsnifat mərhələsində də rəqib olub. İlk oyunda Azərbaycan çempionu (2:1), cavab görüşündə Cənubi Kipr çempionu qələbə qazanıb (2:0). Nəticədə APOEL mərhələ adlasa da, sonradan "Ayaks"a uduzaraq Avroliqaya düşüb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda "Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə "Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, hesabında 4 xalı olan "Qarabağ” yer aldığı A qrupunda 2-ci sıradadı. Lider "Sevilya”nın 9, ikinci pillədəki "Düdelanj”ın 3, sonuncu yerdəki APOEL-in isə 1 xalı var.
Qeyd edək ki, qrupun digər matçında "Düdelanj” "Sevilya”nı qəbul edəcək.
Avropa Liqası
Qrup mərhələsi
IV tur
7 noyabr
21.55 APOEL (Cənubi Kipr) - Qarabağ (Azərbaycan)
Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Kristofer Joger (Avstriya).
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan).
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail).
Nikosiya. "GSP Arena”.