"Qarabağ" bu gün Kiprdə APOEL-lə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.
Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olacaq. Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında heç-heçə qeydə alınıb – 2:2. Qarşılaşmanın 13-cü dəqiqəsində Dani Kintana hesabı açsa da, 29-cu dəqiqədə Maksim Medvedev avtoqola imza atıb. 45+1-ci dəqiqədə Linus Hallenius qonaqları önə keçirdiyi halda, 58-ci dəqiqədə Ailton Silva son nöqtəni qoyub.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
Beləliklə, hesabında 4 xalı olan “Qarabağ” yer aldığı A qrupunda 2-ci sıradadır. Lider “Sevilya”nın 9, ikinci pillədəki “Düdelanj”ın 3, sonuncu yerdəki APOEL-in isə 1 xalı var.
APOEL indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 5-də qalib gəlib və 4-də uduzub. “Qarabağ” isə 13 matçdan 4-də qalib gəldiyi halda, 8 dəfə məğlub olub. Komandaların hərəyə 1 görüşü isə heç-heçə ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində argentinalı yarımmüdafiəçi Tomas de Vinsenti və sloveniyalı hücumçu Roman Bezyak zədəlidirlər. Ağdam komandasında isə xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə Azərbaycan millisinin hücumçusu Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, qrupun digər matçında “Düdelanj” “Sevilya”nı qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur
21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Manuel Şüttenqruber
Yan xətt hakimləri: Roland Brandner və Robert Ştaynaxer
Dördüncü hakim: Kristofer Joger (hamısı Avstriya)
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)
UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail)
Nikosiya, “GSP Arena”. (“Report”)