Əliyev və Paşinyanın operativ əlaqəsi iflic olub - TƏHLİL




Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqə işlək vəziyyətdədir.

AFN-in “Atlas” Araşdırmalar Mərkəzinin təhlilinə istinadən məlumatına görə, yəni erməni nazir demək istəyir ki, gərəkdiyi hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb hansısa məsələni yoluna qoymağa çalışırlar.

“Atlas” xatırladır ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu. Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyevlə Nikol Paşinyan əsasən təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər.

Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan Prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər.

Paşinyanın sözlərinə görə, o, İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırmış, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar vermişdi. Amma...

Mərkəzin təhlilində daha sonra deyilir: “Bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi.

Belə olan halda Ermənistan Xarici İşlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası necə işləyə bilər?

Azərbaycan Ordusu və Sərhəd Qoşunları tez-tez yerdəyişmələr edirlər, taktik döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi, hansısa rabitə vasitəsi varsa belə bu heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu