Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib
İyunun 24-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə DQİDK və Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul işçiləri, Qəbələ, İsmayıllı, Ağsu və Oğuz rayonlarının icra və hüquq-mühafizə orqanlarının, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirədə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından danışan DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.
Səyavuş Heydərov bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır. Cəmiyyətin dinclik və xoşbəxtliyinə səbəb olan dinin, əhalinin dinclik və etibarını təhdid edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir. Komitə rəsmisi diqqətə çatdırıb ki, bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır. Onun sözlərinə görə, ölkəmizin inkişafını istəməyən qüvvələr tərəfindən Azərbaycana təkcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilməsinə, yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur. "Biz islami dəyərlərin Azərbaycanda inkişaf etməsini, İslam dininin mənəviyyat amili kimi həyatımızda olmasını istəyirik. Xalqımız İslam dinindən siyasi məqsədlər üçün istifadəyə, xurafata meyilliliyə, dini radikalizmə bundan sonra da imkan verməyəcək. Ölkə vətəndaşlarını, xüsusən də gəncləri yad təsirlərdən qorumaq üçün hər birimiz çalışmalıyıq, - deyə komitə sədrinin müavini vurğulayıb.
Seminar-müşavirə mövzu ətrafında müzakirələrlə işini yekunlaşdırıb.