Azərbaycanın tolerantlıq modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur




Azərbaycanda dövlət-din münasibətlərinin sağlam şəkildə qurulub, ictimai-siyasi sabitlik və əmin-amanlıq hökm sürür. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, birgəyaşayış ənənəsi formalaşıb. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.

Bu fikirlər iyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkil etdiyi “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirədə söylənilib.

Seminar-müşavirədə din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə DQİDK və Şabran RİH rəhbərliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının icra və hüquq-mühafizə orqanlarının rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə təqdimatla çıxış edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Gənclərimizin radikal dini təsirlərdən qorunması üçün milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması vacibdir. Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu istiqamətdə mühüm addımlar atılıb. Adət-ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Səyavuş Heydərov dini radikalizm, ekstremizm və onların fəsadları barədə də ətraflı məlumat verib. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, bəzi qruplar tərəfindən din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərinə cəhdlər edilir. Bu cür hallara qarşı dövlət qurumları tərəfindən ciddi mübarizə aparılır. DQİDK-nın sədr müavini, eyni zamanda, vurğulayıb ki, olduqca mürəkkəb, qlobal güclərin maraqlarının bir çox sferada toqquşduğu, habelə siyasi iddiası böyük olan dövlətlərin mübarizə meydanına çevrilən regionda yerləşən ölkəmizə qarşı bir sıra istiqamətlərdən, o cümlədən dini mövqedən təhdidlərin səngimədiyi müşahidə olunur. Bu kontekstdə ən önəmli amillərdən biri də dini təhlükəsizlik məsələsidir.

Tədbirdə, həmçinin dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğu, ona qarşı müştərək mübarizənin vacibliyi vurğulanıb. Dini radikalizm və ekstremizmə qarşı mübarizə və bu sahədə qanunların tələblərinə riayət edilməsi istiqamətində görülən tədbirlərdən bəhs olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu