Dini ekstremizm və radikalizmlə mübarizəyə həsr olunmuş seminar-müşavirə keçirilib




Mayın 11-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə dini ekstremizm və radikalizmlə mübarizəyə həsr olunmuş seminar-müşavirə keçirilib.

AFN xəbər verir ki, DQİDK, Bakı Baş Səhiyyə İdarəsi, eləcə də Baş İdarənin tabeliyində olan tibb müəəssiələrinin rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Xaricdəki bəzi dairələr tərəfindən İslamın terrorla eyniləşdirildiyini diqqətə çatdıran DQİDK sədrinin müavini vurğulayıb ki, Yaxın Şərq ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini bildirən sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib. S.Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkəmiz sabitlik, tolerantlıq və multikulturalizm nümunəsidir. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.

Dini radikalizmlə mübarizədə hər kəsi ayıq-sayıq olmağa çağıran DQİDK-nın sədr müavini deyib ki, dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir.

Daha sonra təqdimatla çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir. Natiq onu da vurğulayıb ki, Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir.

Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında da məlumat verən sədr müavini qeyd edib ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır. G.İsmayılov bildirib ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır.

Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından da bəhs edən sədr müavini deyib ki, bəzi qruplar sülh və əmin-amanlıq dini olan İslamı siyasiləşdirərək, qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər.

Qeyd edək ki, tədbirdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filmi nümayiş etdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu