Almaniya, Fransa və Küveyt İrana humanitar yardım göndərir
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Maurerin ötən həftə BMT-nin Nyu-Yorkda keçirilən iclasındakı tənqidi çıxışından sonra İrana humanitar yardımlar daxil olmağa başlayıb.
AzərTAc xatırladır ki, İranda yağan aramsız yağışlar nəticəsində martın 17-dən 26-na qədər ölkənin 24 vilayətində daşqınlar olub, sel suları şəhər və kəndlərin infrastrukturunu dağıdıb, 50 mindən çox ev uçub, 70 nəfər həlak olub, 700-dən çox adam yaralanıb. Ümumilikdə ölkə iqtisadiyyatına 917 milyon dollar həcmində ziyan dəyib.
Baş verən təbii fəlakətin ciddi fəsadlar törətməsinə baxmayaraq, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə beynəlxalq humanitar təşkilatlar İrana yardım etməyə tələsmirdilər.
Aprelin 3-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Maurerin BMT-nin Nyu-Yorkda keçirilən iclasında çıxış edərək bəzi dövlətləri kəskin tənqid edib. O bildirib ki, ehtiyacı olanlara humanitar yardımların çatdırılmasını siyasiləşdirmək düzgün deyil. Onun sözlərinə görə, sanksiyalar səbəbindən təbii fəlakətdən və silahlı münaqişələrdən əziyyət çəkən insanlara yardım etmək mümkün olmur. Bəzi hallarda komitənin əməkdaşları təzyiqlərə məruz qalırlar.
P.Maurerin çıxışından sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin Almaniya və Fransadakı nümayəndəlikləri İrana humanitar yardım göstərməyə başlayıblar.
Ötən gün isə Küveyt də İranda təbii fəlakətdən zərər görənlərə ərzaq və dərman göndərib.