Xocalı faciəsinin canlı şahidi: "Gözümün önündə bibimi və övladını qətlə yetirdilər"
Zaur Zakir oğlu Ələkbərov Xocalı soyqırımının canlı şahidlərindəndir. Faciə onun yeniyetməlik dövrünə təsadüf edib. O, 13 yaşında ən yaxın ailə üzvlərindən 71 nəfərini itirib. Gözlərinin qarşısında bibiləri və övladları qətlə yetirilib. Zaur Ələkbərovun "Report”a müsahibəsini təqdim edirik.
- Xocalı soyqırımı xatirələrinizdə necə qalıb?
- Mən 1979-cu ildə Xocalı şəhərində anadan olmuşam. Ermənilərlə münaqişə başlayandan, demək olar ki, hər gün atəş səsləri eşidirdik. Ermənilər rusların da köməyi ilə "Alazan” və "Kristal” raketləri ilə kəndi atəşə tuturdular. Şəhəri xocalılardan ibarət özünümüdafiə batalyonu qoruyurdu. Onların əlində də ağır silahlar yox idi. Xocalı hər tərəfdən mühasirəyə alınmış vəziyyətdə idi. Şuşaya gedən vertolyot vurulduqdan sonra isə Azərbaycanla əlaqəmiz tamamilə kəsilmişdi. Nəticədə buğdanı qaynadıb yemək məcburiyyətində qalırdıq. Uzun müddətdir ki, heç kəs öz evində yaşamırdı, daha etibarlı olan zirzəmilərdə gecələyirdilər. Qonşularımız və qohumlarımız da evimizin zirzəmisi böyük və etibarlı olduğundan bizə yığılmışdılar. Gecə saat 22:00-23:00 aralığında atəş səsləri daha da artmağa başladı. Bizə mərkəzdəki məktəbin zirzəmisinə tərəf getməyi və oranın daha etibarlı olduğunu bildirdilər. Biz qohum-qonşularımızla birlikdə evin zirzəmisindən çıxıb məktəbə tərəf qaçmağa başladıq. Anam balaca qardaşımı qucağına götürüb, mən də atamın əlindən tutub qaçırdıq. Həmin əraziyə çatanda insanlar Kətik dağı deyilən istiqamətə doğru üz tutduqlarını gördük. Hər tərəf qar idi. Buradan Ağdama doğru getməyə çalışırdıq. Beləcə atəş səsləri altında qarlı hava şəraitində dağa dırmaşaraq hərəkət edirdik. Bizdən əvvəl gedən qonşularımızın bəziləri isə ermənilər tərəfindən əsir alındığından onların fəryad səslərini eşidirdik. Dağın lap təpəsində çevrilib geriyə baxdım. Şəhər od içində yanırdı. Onların içində bizim evimiz də var idi. Bir də həmin yanan şəhərə qayıtmayacağımızı haradan biləydik.
- Yəqin həmin ağrılı günlər gözünüzün önündən heç zaman getməz...
- Sanki meyitlər qarın üzərinə səpələnmişdi. Uşaq olduğumdan indiki kimi fərqinə varmamışdım. Amma qıpqırmızı rəngə boyanmış ağ qar gözlərimin önündən hələ də getmir. Həmin günü anam ayağından yaralandı. Dəsmalı ilə ayağını bağlayıb yenə axsaya-axsaya yola davam etməyə başladı. İnsanlar qrup halında gedirdilər. Hər qrupda 2-3 nəfər özünümüdafiə batalyonunun döyüşçülərindən də var idi. Onların əksəriyyəti yenidən qayıdıb insanları çıxarmağa çalışırdılar. Arada atışma səsləri də gəlirdi. Ermənilərin irəlidə gedən qrupları əsir götürdüyünü eşitdik. Səsimizi eşitməmələri üçün sakitcə ağacların arasında gözləməyə başladıq. Səhərə yaxın yenidən Ağdama tərəf hərəkət etdik. Biz də əsir düşə bilərdik. Əsir düşməməyimizin səbəbi Ağdam istiqamətindən ermənilərin başlarını qatan hücum olmuşdu. Kiçik qardaşlarım çox qorxurdu. Mən qorxsam da, özümü cilovlayıb onlara ürək-dirək verirdim. Ən azından, böyük qardaş olduğumu unutmamışdım.
- Soyqırım qurbanları arasında ailə üzvlərinizdən varmı?
- Ailə üzvlərimizdən babam, nənəm, bibilərim və onların uşaqları olmaqla, ən yaxınlarımızdan, ümumilikdə, 71 nəfər şəhid oldu. Ümumiyyətlə, Xocalıda şəhid olanların əksəriyyəti qohum idilər.
- Xocalı faciəsinin ildönümündə hansı hissləri yaşayırsınız?
- İtki tək əlamətdar məqamlarda deyil, həmişə duyulan bir hissdir. Faciənin ildönümünün digər günlərdən fərqi bu günlərdə ziyarətimizə gələnlərin, təsəlli verənlərin sayının çox olmasındadır. Bu həm dostlar, yaxınlar, həm də dövlət rəsmiləri tərəfindən bizə göstərilən qayğının nəticəsidir.
- Yaxınlarınız arasında əsir və itkin düşən olubmu?
- Əlbəttə var. Əsirlikdən azad olunan qohumlarım var. Bəzi yaxınlarımızın taleyindən isə indiyədək heç bir xəbər yoxdur.
- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər ağrılı bir hissdir?
- Bunu ifadə etməkdə çətinlik çəkəcəyəm. Çünki hisslərimi sözə çevirməyə gücüm çatmır. Həyatda nə qədər uğur qazansan belə sənin uşaqlığının keçdiyi yerlərə əlin çatmırsa, qazandığın uğurlar birtərəflidir.
- Faciədən qurtulduğunuza görə kimə borclusunuz?
- Ümumiyyətlə, hər şeyə görə Allaha borcluyam. Xocalı faciəsindən xilas olmağımızda Ağdam döyüşçülərinin və Xocalı özünümüdafiə batalyonunun böyük rolu olub.
- Hazırda nə iş məşğulsunuz?
- Biz Xocalı faciəsindən sağ çıxandan sonra Cəlilabad rayonunun indiki Göytəpə şəhərində yerləşdik. Orta məktəbi də burada bitirdim. Hazırda Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoruyam. Şəhərin fəxri sakiniyəm. Prezident İlham Əliyevin imzaladığı sərəncamla "İlin müəllimi” adına layiq görülmüşəm.
- Siz artıq 13 yaşınızdan Göytəpədə yaşayırsınız. Torpaqlarımız işğaldan azad olunarsa, Xocalıya qayıtmaq istəyərsiniz?
- Aprel döyüşlərindən sonra bizdə torpağımıza qayıdacağımıza inam yaranıb. Düzdür, Göytəpə şəhəri mənim ikinci vətənimdir. Mən burada məktəbi bitirmişəm. Heç bir zaman buranı unutmaram. Ancaq öz doğma vətənimə qayıtmaq üçün hər şeyimi qurban verərdim.