Fransız millət vəkili Məclisdə plakat açaraq öz ölkəsinin Yəməndəki əməllərinə qarşı etiraz etdi
Fransa Milli Assambleyasının deputatı, hakim “İrəli, Fransa” partiyasının keçmiş üzvü, deputat Sebastyen Nado parlamentin iclaslarından birində qeyri-adi hərəkətə imza atıb.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, S.Nado hökumətin Yəmən məsələsindəki səssizliyinə və Səudiyyə Ərəbistanına silah satmasına etiraz edərək, “Fransa Yəməndə qətl törədir”, - deyə yazılı plakat açıb.
Fransız millət vəkili Fransa Milli Assambleyasında Yəməndə əsl insanlıq faciəsinin yaşandığını və bununla bağlı adi bir dinləmənin belə keçirilməməsinin anlaşılmaz olduğunu deyib.
2019-cu il büdcəsinə qarşı çıxdığı üçün iki ay öncə partiya sıralarından xaric edilən Sebastyen Nadonun bu hərəkəti paramentdə çaxnaşma yaradıb.
Milli Assambleyanın sədri Rişar Ferran qanunverici orqanda bu cür aksiyaların qadağan olunduğunu bildirərək ondan plakatı icraçı məmura verməsini tələb edib.
Xatırladaq ki, Yəməndə 2014-cü ildən bu yana şiə husilərlə hökumət qüvvələri arasında müharibə gedir.
Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı ərəb koalisiyası isə 2015-ci ildən daxili proseslərə qarışıb, hərbi yolla Yəmən hökumətinə dəstək verir.
4 ildən çox davam edən döyüşlərdə minlərlə insan öldürülüb. BMT-yə görə burada hazırda əsl bəşəri böhran hökm sürür. Əhalinin təxminən 10 milyonu, yəni, demək olar ki, yarısı aclıq və ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Ölkədə təmiz suya, lazımi qidaya, tibbi yardıma ehtiyac kritik səviyyəyə çatıb.