Stress səbəbindən 2 mindən çox sifariş verdi, həbs olundu



Yaponiyada bir qadın manqa nəşriyyatı şirkətinin onlayn alış-veriş saytında 2100-dən çox məhsul sifariş edib, daha sonra həmin sifarişləri ləğv etdiyi üçün kommersiya fəaliyyətinə dələduzluq yolu ilə mane olmaq ittihamı ilə həbs edilib. 

AFN.az xəbər verir ki, Tokio Metropoliten Polis İdarəsi restoran işçisi Yoşida Mayu barəsində kommersiya fəaliyyətinə dələduzluq yolu ilə mane olmaq maddəsi ilə ittiham aktı hazırlayıb.

İttiham aktında bildirilir ki, Yoşida 2024-cü ilin iyulundan 2025-ci ilin may ayınadək manqa nəşriyyatı Shueisha Inc. şirkətinin onlayn alış-veriş saytında "One Piece""Naruto" məhsullarını 2 min 100-dən çox dəfə sifariş edib, lakin ödəniş etmədən bu sifarişləri dəfələrlə ləğv edib.

İddialara görə, Yoşida sifarişləri vermək üçün 238 fərqli hesabdan istifadə edib, ödənişləri son tarixədək gözlədərək sifarişlərin avtomatik ləğv olunmasına səbəb olub. O, həmçinin qapıda ödəniş variantını seçdikdən sonra çatdırılan bağlamaları qəbul etməkdən imtina edib.

Yerli mətbuatın məlumatına görə, sifariş edilərək sonradan ləğv olunan məhsulların ümumi dəyəri 4,3 milyard yenə (təxminən 27,2 milyon dollar) çatıb.

32 yaşlı Yoşida polisə verdiyi ifadədə ittihamları qəbul edib.

O bildirib ki, bu hərəkətləri gündəlik həyatında yığılan stress səbəbindən edib.

Yoşida deyib: "Ümumilikdə animeni sevirəm. Məhsulları sifariş etmək mənə arzularımı təmin etmiş kimi hiss etdirirdi."

Shueisha Inc. şirkəti açıqlamasında müvəqqəti məhsul qıtlığı, satış imkanlarının itirilməsi və çatdırılma şirkətlərinə edilən ödənişlərdə yaranan problemlər də daxil olmaqla böyük maliyyə zərəri ilə üzləşdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu