Danimarkada məktəblərdə süni intellektlə köçürməyə qarşı şifahi müdafiə tələbi tətbiq edildi
Danimarkada süni intellekt alətlərindən istifadə etməklə köçürmənin qarşısını almaq məqsədilə lisey şagirdlərinə yazılı tapşırıqlarını şifahi şəkildə müdafiə etmək məcburiyyəti gətirilib.
AFN.az xəbər verir ki, hökumət 16-19 yaş arasındakı lisey şagirdlərinə münasibətdə kompüter ekranlarının izlənilməsi də daxil olmaqla bir sıra yeni tədbirləri həyata keçirib.
Yay tətilindən sonra məktəblərdə yeni dərs ili başlayarkən açıqlanan tədbirlər Təhsil naziri Magnus Heunicke-nin təcili müdaxilə tələbindən sonra dərhal qüvvəyə minib.
Heunicke "Liseylərdə süni intellektdən istifadə etməklə köçürmə problemi ilə üzləşirik. Artıq hərəkətə keçmək lazımdır" deyib.
Təhsil Nazirliyi süni intellektin tədris və imtahanlar baxımından getdikcə böyüyən problem yaratdığını bildirib. Yeni tədbirlərlə şagirdlərin süni intellektdən istifadəsinə hansı hallarda icazə verilmədiyinə dair daha aydın qaydaların müəyyənləşdirilməsi hədəflənir.
Hökumət həmçinin bütün məktəblərdə və təhsil sektorunda süni intellektdən istifadəyə dair genişmiqyaslı milli strategiya hazırlayır.
Heunicke bildirib ki, süni intellektin şagirdlərin səriştələrini, peşəkar inkişafını və müstəqil düşünmə bacarıqlarını zəiflətməməsi üçün məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə məsləhətləşmələr aparacaq.
İlk tətbiq ediləcək tədbir evdə yazılan imtahan tapşırıqlarının şifahi müdafiəsi olacaq. Hər il böyük həcmli tapşırıqlar hazırlayan təxminən 9 min lisey şagirdi öz işlərini şifahi şəkildə müdafiə etməli olacaq. Nazirlik bu tətbiqin ən yaxşı şəkildə həyata keçirilməsi ilə bağlı məktəblərlə əlaqə saxlayacağını açıqlayıb.
Liseylərdə yazılı imtahanlar zamanı kompüter istifadəsinə nəzarət etmək üçün izləmə vasitələrindən istifadə məcburi ediləcək. Məktəb şəbəkəsində imtahan və dərs zamanı əlçatan olan məzmunu filtrdən keçirmək üçün təhlükəsizlik divarları quraşdırılacaq.
Üçüncü tədbir isə şagirdlərin yazılı tapşırıqlarını məktəbdə, nəzarət olunan şəraitdə yerinə yetirməsinin təşviq edilməsi olacaq. Bununla iş prosesinin izlənilməsi, rəy bildirilməsi və daha düzgün qiymətləndirmə mühitinin yaradılması hədəflənir.
Süni intellekt alətlərinin geniş yayılması dünya üzrə təhsili dəyişdirərkən hökumətləri də bu prosesə necə müdaxilə etməli olduqları ilə bağlı addımlar atmağa sövq edir.
Qonşu İsveçdə aparılan araşdırma icazəsiz süni intellekt istifadəsinə görə uzaqlaşdırılan və ya xəbərdarlıq edilən şagirdlərin sayının 2023-2025-ci illər arasında 688 faiz artdığını ortaya qoyub. İsveç hökuməti də məktəblərin süni intellektdən istifadə etməklə köçürməyə qarşı mübarizəsi ilə bağlı araşdırmaya başlayıb.

