ABŞ-da süni intellekt şirkətləri təhlükəsizlik testlərinin nəticələrini hökumətə bildirməyə başlayacaq
ABŞ-da prezident Co Bayden administrasiyası süni intellekt şirkətlərindən təhlükəsizlik testlərinin nəticələrini hökumətə bildirmələrini tələb edən yeni təcrübə tətbiq etməyə hazırlaşır.
Ağ Evin Süni İntellekt Şurası, Baydenin 3 ay əvvəl süni intellektdən yaranan risklərin qarşısının alınması ilə bağlı imzaladığı fərman çərçivəsində edilən dəyişiklikləri qiymətləndirmək üçün toplanacaq.
Ağ Evin süni intellekt üzrə xüsusi müşaviri Ben Buçanan açıqlamasında bildirib ki, hökumət süni intellekt sistemləri ictimaiyyətə təqdim edilməzdən əvvəl onların təhlükəsiz olub-olmadığını öyrənmək istəyir və Bayden şirkətlərin bu qaydaya əməl etməli olduqlarını açıq şəkildə ifadə edib.
Buçanan süni intellektin potensialından xəbərdar olduqlarını qeyd edib və tənzimləyici qurumların bu texnologiyanı idarə etmələrini təmin etməyə çalışdıqlarını bildirib.
ABŞ-da yalnız proqram təminatı şirkətlərindən bəzi təhlükəsizlik testləri yerinə yetirmək tələb olunsa da, hazırda şirkətlərin belə bir öhdəliyi yoxdur.
ABŞ administrasiyası süni intellektdən yaranan risklərin qarşısını almağa yönəlmiş hərtərəfli fərman verib və süni intellektin təhlükəsizliyi üçün yeni standartlar tətbiq edib.
Fərmana əsasən, qurumlar təhlükəsizlik testləri üçün standartlar müəyyən etməli və kibertəhlükəsizlik risklərini aradan qaldırmalıdır.
İnsanları fırıldaqçılıqdan qorumaq üçün süni intellektlə yaradılmış məzmunu aşkar etmək və yoxlamaq üçün yeni qaydalar tətbiq edilir.
Bu kontekstdə proqram təminatında təhlükəsizlik zəifliklərini tapmaq və aradan qaldırmaq üçün qabaqcıl kibertəhlükəsizlik proqramının yaradılması da hədəflənir.