Rusiyanın Novorossiysk şəhərində benzin bitdi
Rusiyanın Novorossiysk şəhərindəki yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyi və yanacaq satışının dayandırıldığı bildirilib.
AFN.az xəbər verir ki, Novorossiysk Bələdiyyəsindən verilən açıqlamada şəhərdəki məntəqələrdə benzin qalmadığı, dizel yanacağının isə yalnız 8 məntəqədə məhdud miqdarda mövcud olduğu qeyd edilib.
Nəqliyyat vasitələrinə yanacağın yalnız xüsusi yanacaq kartları ilə vurula bildiyi qeyd edilən açıqlamada, sözügedən imkandan yalnız şirkət avtomobillərinin yararlana bildiyi vurğulanıb.
Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına təşkil etdiyi hücumlar səbəbindən ölkədə çox sayda müəssisə təmir-baxışa alınarkən, Rusiya hökuməti yanacaq bazarında sabitliyi təmin etmək məqsədilə zaman-zaman satış və ixrac məhdudiyyətlərinə əl atır.
Digər tərəfdən, ölkədə Moskva və Sankt-Peterburq da daxil olmaqla, təxminən 40 bölgədə yanacaq satışında məhdudiyyətlər tətbiq olunur.

