Litva parlamentində nüvə silahı qadağasının ləğvi barədə qanun layihəsi müzakirə edilir
Litva Seymində (parlament) ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğv edilməsini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.
AFN.az xəbər verir ki, təşəbbüsü qeydiyyat üçün kifayət edən 50 deputat öz imzası ilə dəstəkləyib. Qanun layihəsi ölkə Konstitusiyasının kütləvi qırğın və nüvə silahlarının Litva ərazisində yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin tamamilə ləğvini nəzərdə tutur.
Prezident Gitanas Nauseda hökumət başçısı, müdafiə naziri və parlament fraksiyalarının rəhbərləri ilə keçirdiyi iclasda bu addımın geosiyasi təhlükəsizlik mühitinin pisləşməsi səbəbindən atıldığını və maddənin artıq köhnəldiyini bildirib. Rəsmilər bu dəyişikliyin ölkədə dərhal nüvə silahı yerləşdirmək məqsədi daşımadığını, sadəcə gələcəkdə yarana biləcək təhlükəsizlik ehtiyacları üçün hüquqi maneələri aradan qaldırmağa yönəldiyini vurğulayıblar.
Konstitusiyaya düzəlişin qəbul edilməsi üçün parlamentdə üç aylıq fasilə ilə iki dəfə səsvermə keçirilməli və layihə 141 deputatdan ən azı 94-nün dəstəyini qazanmalıdır.
