"Delta Airlines"a şiddətli turbulentlik iddiası



"Delta Airlines" aviaşirkəti 25 sərnişin və heyət üzvünün xəstəxanaya yerləşdirilməsinə səbəb olan şiddətli turbulentlik hadisəsinə görə məhkəməyə verilib.

AFN.az xəbər verir ki, baş verən hadisəni 2,5 dəqiqəlik dəhşət adlandıran zərərçəkənlər aviaşirkətə qarşı iddia qaldırıblar.

30 iyul 2025-ci il tarixində Yuta ştatındakı Solt-Leyk-Siti Beynəlxalq Hava Limanı ilə Amsterdam Sxiphol Hava Limanı arasında uçuş həyata keçirən təyyarə Vayominq səmasında şiddətli turbulentliyə tuş gəlib. Təxminən 2,5 dəqiqə davam edən sarsıntılardan sonra təyyarə Minnesotaya təcili eniş edib.

"Delta Air Lines" enişdən sonra 25 nəfərin müalicə olunmaq üçün xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Sözügedən uçuşda yaralanan şəxslərdən 20-si pilotların fırtına kütləsinə çox yaxın uçaraq ehtiyatsız davrandığı iddiası ilə şirkəti məhkəməyə verib.

"Salt Lake Tribune" qəzetinin məlumatına görə, iddia keçən həftə Yuta 3-cü Bölgə Məhkəməsində qaldırılıb.

Sərnişinləri təmsil edən "Aviation Law Group"un vəkili Keysi DüBos "Delta"nın əlində bütün zəruri meteoroloji vasitələrin olduğunu, bu hava şəraitindən yayınmaq imkanına malik olmasına baxmayaraq xəbərdarlıqlara məhəl qoymadığını irəli sürüb.

Hüquq firmasından verilən açıqlamada turbulentlik və şiddətli hava şəraitinin yeni hadisələr olmadığı, bu qəzanın qarşısının alına biləcəyi ifadə edilib.

İddia ərizəsində sarsıntı anında təyyarədə təhlükəsizlik kəməri xəbərdarlıq işığının yanmadığı bildirilib. Kəmərləri bağlı olmayan şəxslərin bədənlərinin təyyarənin tavanına çırpılacaq şiddətdə atıldığı və kabin daxili avadanlıqların qırıldığı bildirilib.

Sərnişinlərdə baş və onurğa xəsarətləri, beyin silkələnməsi, sınıqlar və dərin kəsiklər yarandığı qeyd olunub.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən aparılan araşdırmada pilotların fırtınaya hazırlıqsız yaxalandığı müəyyən edilib. Buna baxmayaraq, iddiaçılar Milli Hava Durumu Xidmətinin uçuş marşrutu üzrə göy gurultulu fırtına xəbərdarlığı etdiyini xatırladıblar.

Pilotların marşrut üzrə şəraitlə bağlı çoxsaylı brifinq paketlərini və Solt-Leyk-Siti hava hərəkəti dispetçerinin xəbərdarlıqlarını görməzdən gəldiyi iddia edilib.

Ərizədə pilotların hava şəraitini təyyarə radarlarında gördüklərini və vizual olaraq da təsdiqlədiklərini qəbul etmələrinə rəğmən təhlükəli şəraitin üzərinə getməyə davam etdikləri müdafiə olunub.

İddiaçılar turbulentlikdən sonra qəbul edilən qərarları da məhkəməyə təqdim ediblər. Şiddətli sarsıntılardan sonra təyyarənin Solt-Leyk-Siti və ya Denverə yönləndirilməsi lazım olduğu halda Minnesotaya göndərildiyi, bunun da onsuz da çətin vəziyyətdə olan uçuş müddətinə daha 90 dəqiqə əlavə etdiyi qeyd edilib.

Təyyarənin Minneapolis-St. Paul Beynəlxalq Hava Limanına endirilməsinin arxasında buranın "Delta"nın əsas mərkəzlərindən biri olması dayanır. Aviaşirkətin təyyarənin baxım xərclərinə və sərnişinlərin yenidən bilet bron etmə xərclərinə qənaət etmək məqsədilə bu meydanı seçdiyi irəli sürülüb.

Maddi təzminat tələbinin məbləğini açıqlamayan iddiaçılar məsələnin münsiflər heyətinin iştirakı ilə keçirilən məhkəmədə həll olunmasını tələb edirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu