Kiyevə raket və PUA hücumu: Ən azı 30 nəfər öldü
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi PUA və raket hücumunda ən azı 30 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
AFN.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu hücumu dörd ildən artıqdır davam edən hava hücumları arasında ən ağır zərbə kimi qiymətləndirib.
Cümə axşamı sabaha yaxın başlayan və saatlarla davam edən hücumda təxminən 500 PUA və 70-dən çox raketdən istifadə olunub. Qanadlı və ballistik raketlərin şəhərə yaxınlaşması ilə Ukraynanın hava hücumundan müdafiə sistemləri işə düşüb və paytaxtda saatlarla partlayış səsləri eşidilib.
Hücumlar nəticəsində Kiyev boyu yanğınlar qeydə alınıb, raket qalıqları bir çox ərazilərdə yaşayış məntəqələrinə və mərkəzi prospektdəki bir otelə düşüb.
Dnepr çayının sol sahilində yerləşən doqquzmərtəbəli yaşayış binasının böyük bir hissəsi uçaraq dağıntı yığınına çevrilib. Axtarış-xilasetmə qrupları dağıntılar altında qalanların çıxarılması üçün işlərə başlayıb.
Xəstəxanaya çatdırılan təxminən 70 yaralının olduğu və can itkisinin arta biləcəyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumdan əvvəl vətəndaşları sığınacaqlardan istifadə etməyə çağırıb. Səlahiyyətlilər xəbərdarlıqlardan sonra 50 mindən çox insanın gecəni metro stansiyalarında keçirdiyini açıqlayıb.
Dublin səfərindən sonra Kiyevə qayıdan Zelenski müttəfiqlərin hava hücumundan müdafiə raketlərinin tədarükü ilə bağlı razılaşmalara əməl edəcəyi təqdirdə ziyanın bu qədər böyük olmayacağını qeyd edib.
Zelenski təkbaşına döyüşdüklərini, qurbanların yalnız ukraynalılar olduğunu bildirərək, tərəfdaşlardan yeganə istəklərinin razılaşdırılmış məsələləri yerinə yetirmək olduğunu vurğulayıb.
Digər tərəfdən, Ukraynanın son həftələrdə Rusiyadakı neft emalı zavodlarına yönəlmiş uzaqmənzilli PUA hücumlarını artırması səbəbindən Rusiya daxilində yanacaq qıtlığı yaranıb. Bir çox Rusiya bölgəsində benzin məhdudiyyəti tətbiq edilərkən, Krımda fövqəladə vəziyyət elan olunub və Krıma qarşı təzyiqlərin davam etdiriləcəyi qeyd edilib.
Rusiya Müdafiə Nazirliyi hava, quru və dənizdən atılan silahların istifadə olunduğu hücumların Ukraynanın addımlarına cavab olduğunu iddia edib. Moskva hücumlarda hərbi obyektlərin və enerji infrastrukturunun hədəf alındığını irəli sürüb.
Ukrayna Xarici İşlər Naziri Andriy Sibiqa isə hücumların qisas olaraq adlandırılmasını qeyri-əxlaqi hesab etdiyini bildirib. Sibiqa Ukraynanın özünü müdafiə etmək və Rusiyadakı qanuni hərbi hədəfləri vurmaq hüququ olduğunu vurğulayaraq, müttəfiqlərə təcili hava hücumundan müdafiə dəstəyi çağırışını təkrarlayıb.
İngiltərə Baş naziri Keyr Starmer də bu hücumların Rusiyanın Ukrayna xalqına əziyyət verməyə davam etdiyinin bir göstəricisi olduğunu qeyd edib.
ABŞ tərəfindən dəstəklənən sülh prosesinin son aylarda dalana dirənməsi fonunda, Zelenski sülh prosesini yenidən başlatmaq məqsədilə Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovun ABŞ-ın danışıqlar üzrə nümayəndəsi Cared Kuşner ilə təmasda olduğunu açıqlayıb.
Ukrayna lideri gələn həftə Ankarada keçiriləcək NATO sammitində ABŞ Prezidenti Donald Tramp ilə görüşməyə ümid etdiyini bildirib.
Hücumların sonra Kiyevdə cümə günü matəm elan edilib.


