Rusiya Ukraynanı gecə yarısı bombaladı: Ən azı beş nəfər öldü
Rusiyanın Ukrayna daxilindəki şəhərlərə gecə saatlarında təşkil etdiyi intensiv hava hücumlarında ən azı beş nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
AFN.az xəbər verir ki, hücumlar zamanı Dniproda dörd nəfər dünyasını dəyişib, 16 nəfər xəsarət alıb.
Çərşənbə axşamının ilk saatlarında bombardmana məruz qalan paytaxt Kiyevdə isə bir nəfər həyatını itirib, ən azı 29 nəfər yaralanıb.
Paytaxtın mərkəzindən qatı tüstü yüksələrkən, minlərlə insan sığınacaqlara axışıp, Ukrayna daxilində hava hücumu həyəcanı siqnalları işə düşüb.
Qeyd edək ki, Moskva rəhbərliyi ötən ay Rusiyanın nəzarətindəki Luqansk bölgəsində yerləşən yataqxana binasına təşkil edilən və 21 nəfərin ölümünə səbəb olan pilotsuz uçuş aparatı hücumuna cavab olaraq Ukraynaya qarşı sistemli hücumlar həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdi.
Dağıntılar altında mülki şəxslərin qala biləcəyi ehtimal olunur.
Kiyev meri Vitali Kliçko əhaliyə sığınacaqlarda qalmaq çağırışını təkrarlayıb. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timuri Tkaçenko da düşmənin ballistik raketlərlə hücum etdiyini açıqlayıb.
Kliçko iki çoxmərtəbəli yaşayış binasına zərbə dəydiyini və dağıntılar altında qalanların olmasından narahatlıq keçirdiklərini qeyd edib.
Səhər erkən saatlarda Kiyevi hədəf alan hücumlar zamanı ard-arda baş verən ondan çox böyük partlayışın arasında pilotsuz uçuş aparatlarının səsləri eşidilib.
Şəhər daxilində elektrik kəsintiləri və yanğınlar qeydə alınsa da, zərərin miqyası hələlik dəqiqləşməyib.
Zaporojyedə də bir sənaye müəssisəsinin hədəf alındığı bildirilir.
Hücumlardan əvvəl kəşfiyyat xəbərdarlıqları edilmişdi.
Bu hücumlar Ukrayna Prezidenti Volodimir Zelenskinin bazar ertəsi günü baş verə biləcək böyük bir Rusiya bombardmanına qarşı etdiyi xəbərdarlıqların və əhaliyə hava hücumu həyəcanı siqnallarına diqqət yetirmək çağırışının ardınca gerçəkləşib.
Zelenski gecə yayımladığı video müraciətində Rusiya hücumları ilə bağlı kəşfiyyat xəbərdarlıqlarının davam etdiyini, böyük bir hücumun mümkün olduğunu və Rusiyanın buna hazırlaşdığını ifadə etmişdi.
Rusiya ötən həftə verdiyi bəyanatda Kiyevdəki hərbi və qərar qəbul etmə mərkəzlərini hədəf alacağını elan etmiş və xarici ölkə vətəndaşlarından şəhəri tərk etmələrini istəmişdi.
Ukrayna Baş Qərargahı isə 21-22 may gecəsi Starobilsk yaxınlığında hücum təşkil edildiyini təsdiqləsə də, hədəf alınan yerin Rusiya hərbi hissəsi olduğunu müdafiə etmişdi.

