Ukrayna: Rusiyanın Zaporojyadakı otelə raket hücumu nəticəsində 2 nəfər ölüb
Rusiya ordusunun gecə saatlarında Ukraynanın Zaporojya şəhərində bir otelə təşkil etdiyi raket hücumunda biri uşaq olmaqla 2 nəfərin öldüyü bildirilib.
Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov sosial şəbəkədəki hesabında Rusiya ordusunun gecə yarısı Zaporojyaya raket hücumu təşkil etdiyini açıqlayıb.
Hücumda bir otelin hədəf alındığı barədə məlumatı paylaşan Fedorov, "Rusiyanın Zaporojyaya hücumu nəticəsində 8 yaşlı oğlan və 38 yaşlı qadın həyatını itirib, 12 yaşlı qız və 43 yaşlı kişi yaralanıb” qeyd edib.
Fedorov, Rusiya qüvvələrinin son sutka ərzində Zaporojyadakı 11 yaşayış məntəqəsinə ümumilikdə 313 hava və artilleriya hücumu təşkil etdiyini bildirib.
Mənbə: AA