Epşteyn qalmaqalına görə Qeytsin fonduna ianəni dayandırdı
Dünyanın ən zəngin şəxslərindən biri olan Uorren Baffett, pedofiliyada təqsirləndirilən maliyyəçi Ceffri Epşteynin işi üzrə araşdırmalar fonunda bu il amerikalı biznesmen Bill Qeytsin xeyriyyə fonduna maliyyə ayırmağı dayandırıb.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Son 20 ildə ilk dəfədir ki, 95 yaşlı milyarder iyun-iyul aylarında "Microsoft"un təsisçisinin fonduna milyardlarla dollarlıq ənənəvi ianəsini köçürməyib və araşdırmaların nəticəsini gözləmək qərarına gəlib. Baffett 2006-2025-ci illər ərzində sözügedən fonda təxminən 48 milyard dollar bəxşiş edib.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn dosyesində Bill Qeytsin də adı keçir. Bu səbəbdən fond rəhbərliyi 2019-cu ildə həbsxanada intihar edən Epşteynlə əlaqələrin yoxlanılması üçün "WilmerHale" hüquq şirkətini muzdla tutub.
ABŞ Konqresinin ötən ilin noyabrında qəbul etdiyi qanuna əsasən, cari il yanvarın 30-da Epşteynin milyonlarla səhifəlik gizli sənədləri, video və fotoları tam şəkildə ictimaiyyətə açıqlanıb. Dosyedə onlarla kral ailəsi üzvünün, tanınmış dövlət xadimi, biznesmen və diplomatın adları yer alır.
