Pakistanda ard-arda iki partlayış törədildi: 7 nəfər həlak olub


Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva əyalətinin Buner rayonunda yol kənarında törədilən iki partlayış nəticəsində ən azı yeddi nəfər həlak olub.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Polisin verdiyi məlumata görə, birinci partlayış avtomobili hədəf alıb, ikincisi isə bir qədər sonra, hadisə yerinə xilasedicilər gəldiyi zaman baş verib. Hüquq-mühafizə orqanları hər iki partlayıcı qurğunun məsafədən idarəetmə vasitəsilə işə salındığını dəqiqləşdirib.

Polis zabiti Yasir Afridi bildirib ki, birinci partlayış nəticəsində 5, ikinci partlayış zamanı isə daha 2 nəfər həlak olub. Hadisə zamanı 3 nəfər də yaralanıb. Hücumlardan sonra ərazidə cinayəti törədənlərin müəyyən edilməsi üçün axtarış əməliyyatına başlanılıb.

Hələlik heç bir qruplaşma baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, oxşar hadisələrdə Pakistan rəsmiləri müntəzəm olaraq daha əvvəl də bu cür hücumlar törətdiyini bəyan edən "Tehrik-i-Taliban Pakistan" (TTP) hərəkatından şübhələnirlər.

Bu təşkilat Əfqanıstan "Taliban"ından asılı olmadan fəaliyyət göstərir, lakin Pakistan tərəfinin məlumatına görə, onlarla əlaqələri var və gizlənmək üçün sərhədyanı rayonlardan istifadə edir.

Pakistan Prezidenti Arif Alvi bəyanat yayaraq, konkret qruplaşmaların adını çəkmədən "terrorizmi dəstəkləyən daxili və xarici qüvvələrə" xəbərdarlıq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu