ABŞ-da Konqres üzvləri İran ilə imzalanan memoranduma etiraz edirlər



ABŞ-da həm Respublikaçı, həm də Demokrat Konqres üzvləri İran ilə imzalanan qarşılıqlı anlaşma memorandumuna müxtəlif səbəblərdən kəskin etiraz edirlər.

AFN.az xəbər verir ki, İran ilə əldə olunmuş 14 maddəlik saziş mətninin mətbuata sızmasından sonra ABŞ Konqresindən ard-arda etiraz bəyanatları gəlməyə başlayıb.

Respublikaçı senator Bill Kessidi sosial media hesabından etdiyi açıqlamada keçmiş prezident Ronald Reyqanın ruhunun bu müqavilədən narahat olacağını qeyd edərək, İranın nüvə ambisiyalarının qarşısının alınmadığını və rəsmi Tehranın Hörmüz boğazı ilə təhdid etməyin işə yaradığını öyrəndiyini bildirib.

Kessidi ABŞ-nin hərbi əməliyyatlarından əvvəl Hörmüz boğazının onsuz da açıq olduğunu və İranın sanksiyalar altında əzildiyini xatırladaraq, hazırda isə 13 amerikalı əsgərin öldüyünü, ailələrin benzinə milyardlarla dollar xərclədiyini, lakin sanksiyaların qaldırılaraq bombardmanların dayandırıldığını tənqid edib.

Digər respublikaçı senator Ted Kruz da sazişi qəbuledilməz adlandıraraq, bizi öldürmək istəyən teokratik manyaklara milyardlarla dollar verməyin tarixdə həmişə pis bir ideya olduğunu vurğulayıb.

Eyni zamanda həm Nümayəndələr Palatası, həm də Senatdakı Demokratlar Tramp administrasiyasından memorandumla bağlı daha çox detal tələb edirlər.

Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvü Cinn Şahin mətbuata sızan mətni tam bir kapitulyasiya kimi qiymətləndirib.

Demokrat konqresmenlər Qreqori Miks, Adam Smit və Cim Hayms isə ABŞ Dövlət katibi Marko Rubioya rəsmi məktub ünvanlayıblar.

Məktubda Tramp administrasiyasının 15 həftədən çoxdur ki, Konqresi və Amerika xalqını bu müharibə barədə qaranlıqda saxladığı və bunun strateji uğursuzluq olduğu qeyd edilib.

Demokratlar diplomatiyaya qayıdışı və müharibənin dayandırılmasını müsbət qarşılasalar da, administrasiyanın 60 günlük atəşkəs prosesi və sazişin detalları barədə Konqresə təcili məlumat verməli olduğunu vurğulayıblar.

Demokrat konqresmen Pramila Cayapal isə yayımladığı video müraciətdə Hörmüz boğazının 30 gün ərzində açılacağını, lakin bu boğazın müharibədən əvvəl də açıq olduğunu xatırladaraq, ABŞ-nin başladığı nöqtədən daha pis bir mövqeyə doğru getdiyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu