Aİ müdafiə layihələrində bürokratiyanı azaldacaq qaydalar hazırlayır



Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamentinin (AP) danışıqlar aparan nümayəndələri Avropanın müdafiə hazırlığını və müdafiə sənayesinin rəqabət qabiliyyətini artırmağı hədəfləyən yeni qaydalar üzərində razılığa gəliblər.

AFN.az xəbər verir ki, Aİ Şurasından verilən açıqlamaya görə, yeni tənzimləmələr müdafiə layihələrinə icazə prosesləri, Avropa Müdafiə Fondu (EDF), müdafiə məhsullarının üzv ölkələr arasında transferi və müdafiə sahəsində satınalma prosedurları ilə bağlı müddəaları ehtiva edir.

Razılaşma çərçivəsində müdafiə layihələrinə icazə verilməsi prosesləri üçün vahid struktur formalaşdırılacaq.

İcazə prosedurlarının maksimum müddəti 102 iş günü olaraq müəyyən ediləcək.

Səlahiyyətli orqanların bu müddət ərzində qərar vermədiyi təqdirdə müraciətlərin təsdiqlənmiş sayılması nəzərdə tutulsa da, üzv ölkələr insan sağlamlığı və ya milli təhlükəsizlik amillərini əsas gətirərək bu qaydaya istisna tətbiq edə biləcəklər.

EDF ilə bağlı tənzimləmələr çərçivəsində fonda müraciətlər zamanı tələb olunan bəzi inzibati prosedurlar sadələşdiriləcək.

Kiçik və orta sahibkarlıq subyektlərinin fond çərçivəsindəki layihələrdə iştirakını artırmaq üçün stimullaşdırıcı tədbirlər də gücləndiriləcək.

Qaydalar həmçinin müdafiə məqsədilə istifadə edilən bəzi kimyəvi maddələrlə bağlı mövcud güzəştlərin qüvvədə saxlanmasını da nəzərdə tutur.

Müdafiə satınalmaları qaydalarında ediləcək dəyişikliklərlə bəzi hədd göstəriciləri artırılacaq, birgə satınalma təcrübələrinə imkan yaradılacaq və çərçivə sazişlərində daha çox çeviklik təmin olunacaq.

Razılaşmanın qüvvəyə minməsi üçün Aİ Şurası və AP Baş Assambleyası tərəfindən təsdiqlənməsi vacibdir.

Aİ sözügedən tənzimləmə paketini 2025-ci ilin iyununda açıqlamışdı.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Aİ müdafiə xərclərinin artırılması, sursat istehsalının yüksəldilməsi və müdafiə sənayesinin dəstəklənməsi istiqamətindəki təşəbbüslərə xüsusi önəm verir.

Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə birlikdə Avropanın təhlükəsizlik məsələlərində ABŞ-dən asılılığının azaldılması və müdafiə sahəsində daha çox məsuliyyət götürülməsinə dair müzakirələr də Aİ-nin gündəmində ön plana çıxır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu