Aİ süni intellektdə yüksək riskli sistem qaydalarını təxirə salır
Avropa İttifaqı (Aİ) qurumları birliyin süni intellekt qanunundakı bəzi qaydaların sadələşdirilməsi və yüksək riskli sistemlərə yönəlmiş tətbiq qrafikinin təxirə salınmasını nəzərdə tutan dəyişikliklər barədə razılığa gəliblər.
AFN.az xəbər verir ki, Aİ Şurası, üzv ölkələr və Avropa Parlamenti (AP) nümayəndələri arasında aparılan müzakirələr nəticəsində süni intellekt qaydalarında ediləcək dəyişikliklərlə bağlı anlaşma əldə olunub.
Açıqlamada bildirilib ki, təklif edilən dəyişikliklər Aİ-nin rəqəmsal qanunvericilik çərçivəsini və süni intellektə dair uyğunlaşdırılmış qaydaların icrasını asanlaşdırmağı hədəfləyir.
Aİ Komissiyasının yüksək riskli süni intellekt sistemlərinə dair qaydaların tətbiq müddətini 16 aya qədər təxirə salmağı təklif etdiyi xatırladılan bəyanatda, bu addımın lazımi standartlar və alətlər tam hazır olduqdan sonra qaydaların qüvvəyə minməsini təmin edəcəyi müdafiə olunub.
Həmçinin Komissiyanın kiçik və orta sahibkarlıq subyektləri (KOBİ) üçün bəzi tənzimləyici güzəştlərin genişləndirilməsini, bəzi hallarda öhdəliklərin azaldılmasını və Süni İntellekt Ofisinin səlahiyyətlərinin artırılmasını da təklif etdiyi vurğulanıb.
Yeni tənzimləmə ilə razılıq olmadan cinsi və ya intim məzmun istehsal edən, uşaq istismarı materialları yaradan süni intellekt tətbiqləri qadağan edilib.
Yüksək riskli süni intellekt sistemləri üçün tətbiq tarixləri müstəqil sistemlər üçün 2 dekabr 2027-ci il, məhsullara inteqrasiya edilmiş sistemlər üçün isə 2 avqust 2028-ci il olaraq dəyişdirilib.
Süni intellekt tərəfindən yaradılan məzmunlar üçün şəffaflıq həllərinin tətbiqinə dair keçid müddəti isə 6 aydan 3 aya endirilərək son tarix 2 dekabr 2026-cı il müəyyən edilib.
Sözügedən razılaşma üzv ölkələr və Avropa Parlamentinin rəsmi təsdiqindən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Aİ Süni İntellekt Qanunu 1 avqust 2024-cü ildə qüvvəyə minmişdi və yüksək riskli sistemlərlə bağlı öhdəliklərin 2026-cı ilin avqustunda başlaması gözlənilirdi.
