Şri-Lankada qanunsuz qocalar evində yanğın: 12 ölü


Şri-Lankanın qərbindəki Anquruvatota şəhərində yerləşən və rəsmi qeydiyyatı olmayan qocalar evində baş verən güclü yanğın nəticəsində azı 12 nəfər həlak olub, 8 nəfər yaralanıb.

AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı binadan 51 nəfəri təxliyə etmək mümkün olub. Sığınacaqda yaşlılarla yanaşı, psixi pozuntuları olan şəxslərin də qaldığı bildirilir.

Milli Yaşlıların İşləri üzrə Katibliyin direktoru Çathura Mihudum obyektin qanunsuz fəaliyyət göstərdiyini, binanın həddən artıq yükləndiyini açıqlayıb. Belə ki, cəmi 15 nəfərlik yer olan sığınacaqda 71 nəfər yerləşdirilibmiş. Rəhbərliyə əvvəllər fəaliyyəti qanuniləşdirmək barədə xəbərdarlıq edilsə də, buna əməl olunmayıb.

Hadisə ilə bağlı müəssisənin direktoru ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə həbs edilib və məhkəmə onun barəsində bir həftəlik həbs qəti imkan tədbiri seçib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu