Brent neftinin bir bareli 104,61 dollardan satılır



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarında 104,61 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 109,30 dollara qədər yüksələn Brent neftinin bir barelinin qiyməti günü 102,58 dollardan başa vurub.

Brent neftinin fyuçers qiyməti bu gün saat 10:24 etibarilə bağlanışa görə təxminən 2 faiz artaraq 104,61 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas (WTI) markalı xam neftin bir bareli 98,16 dollardan alıcı tapıb.

ABŞ-İran xəttindəki müsbət xəbər axınının yaxın vaxtlarda bölgədəki gərginliklərin sona çatması ilə bağlı ümidləri artırmasına baxmayaraq, bazarlar münaqişənin yenidən alovlana biləcəyi riskini qiymətləndirməyə davam edir.

ABŞ dövlət katibi Marko Rubio dünən verdiyi açıqlamada İranla aparılan danışıqlarda müsbət siqnallar olduğunu bildirərək, danışıqların uğursuz olacağı təqdirdə Vaşinqtonun başqa seçimləri olduğunu söyləyib.

Rubio İranla danışıqlarda müəyyən irəliləyişlər əldə edildiyini, lakin Tehran rəhbərliyindəki qərarvermə mexanizminin parçalı strukturunun prosesi çətinləşdirdiyini bildirib.

ABŞ Prezidenti Donald Trampın prioritetinin diplomatik yollarla güclü bir razılaşmaya çatmaq olduğunu qeyd edən Rubio, Vaşinqtonun razılaşmanın təmin edilməsi üçün bütün imkanları dəyərləndirdiyini ifadə edib.

Digər tərəfdən Tramp dünən “İranın Omanla görüşərək Hörmüz boğazından ticarət keçidlərinə görə rüsum almaq üçün cəhd etdiyi” xəbərlərini dəyərləndirdiyi açıqlamasında İranın Hörmüz boğazından keçidlərə görə rüsum alması ilə bağlı cəhdlərini qəbul etməyəcəklərini söyləyib.

İranı hərbi baxımdan məğlub etdiklərini müdafiə edən Tramp, Tehranla danışıqların davam etdiyini, lakin İranın nüvə silahı əldə etməsinə heç bir şəraitdə icazə verilməyəcəyini vurğulayıb.

ABŞ Prezidenti Tramp yüksək dərəcədə zənginləşdirilmiş uranın ABŞ tərəfindən alınıb-alınmayacağı ilə bağlı suala isə “Yüksək dərəcədə zənginləşdirilmiş uranı biz alacağıq, ona ehtiyacımız yoxdur, ehtimal ki, aldıqdan sonra məhv edəcəyik, amma onların əlində qalmasına icazə verməyəcəyik” deyə cavab verib.

Atəşkəsə yönələn müsbət siqnallar neft qiymətlərində zaman-zaman aşağıya doğru hərəkətliliyə yol açsa da, Hörmüz boğazında ticarət keçidləri ilə bağlı qeyri-müəyyənliklərin davam etməsi, ABŞ-ın İrana qarşı dəniz blokadasını sürdürməsi və Vaşinqtonun İranın uranı zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırması istiqamətindəki sərt mövqeyi qiymətləri yuxarı dəstəkləyir.

Brent neftində texniki olaraq 106,99 dolların müqavimət, 103,30 dolların isə dəstək bölgəsi olaraq izlənilə biləcəyi qeyd olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu