ABŞ İranla müharibədə 40-dan çox təyyarə və PUA itirib
ABŞ Konqresi tərəfindən yayımlanan yeni bir hesabat İranla davam edən müharibədə Amerika ordusunun hərbi aviasiya sahəsində uğradığı böyük itkiləri göz önünə sərib.
AFN.az xəbər verir ki, "Epik Qəzəb Əməliyyatı" (Operation Epic Fury) adlı əməliyyatın başlanğıcından bəri 42 ABŞ hərbi hava vasitəsinin düşdüyü, vurulduğu və ya ağır zədə aldığı açıqlanıb.
Hesabatda dost atəşi və döyüş əməliyyatları kimi səbəblərlə itirilən vasitələr arasında F-15 döyüş təyyarələri, bir ədəd F-35A Lightning II gizli təyyarəsi, MQ-9 Reaper pilotsuz uçuş aparatları və bir HH-60W Jolly Green II axtarış-xilasetmə helikopterinin yer aldığı bildirilib.
Pentaqon bölgədəki təmir və əvəzetmə xərcləri ilə bağlı təxminlərini 25 milyard dollardan 29 milyard dollara yüksəldib.
Konqres hesabatına görə, döyüşlərdə itirilən və ya zədələnən 42 hava vasitəsinin siyahısı belədir:
4 ədəd F-15E Strike Eagle döyüş təyyarəsi
1 ədəd F-35A Lightning II gizli döyüş təyyarəsi
1 ədəd A-10 Thunderbolt II yaxın hava dəstək təyyarəsi
7 ədəd KC-135 Stratotanker havada yanacaq doldurma təyyarəsi
1 ədəd E-3 Sentry AWACS erkən xəbərdarlıq və müşahidə təyyarəsi
2 ədəd MC-130J Commando II nəqliyyat təyyarəsi
1 ədəd HH-60W Jolly Green II axtarış-xilasetmə helikopteri
24 ədəd MQ-9 Reaper PUA-sı
1 ədəd MQ-4C Triton yüksək hündürlük müşahidə PUA-sı
Yalnız tək bir F-35A təyyarəsinin dəyərinin təxminən 110 milyon dollar olduğu xatırladılan hesabatda itirilən 4 ədəd F-15E təyyarəsinin inflyasiyaya görə düzəldilmiş ümumi dəyərinin 300 milyon dollara yaxın olduğu ifadə edilib.
İtirilən F-15-lərdən üçünün martın 2-də Küveyt səmasında yaşanan bir dost atəşi qəzasında düşdüyü, dördüncüsünün isə aprelin 5-də İrandakı əməliyyatlar zamanı vurulduğu bildirilib.
Bundan başqa, dost hava sahəsində düşən 7 ədəd KC-135 yanacaq doldurma təyyarəsinin əvəzetmə dəyərinin təxminən 1,8 milyard dollar ola biləcəyi proqnozlaşdırılır.
Bu təyyarələrdən birinin İraqda düşdüyü və içindəki 6 heyət üzvünün həyatını itirdiyi qeyd olunub.
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Konqresinin hesabatından sonra sosial media vasitəsilə verdiyi açıqlamada "Müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərindəki onlarla hava vasitəsinin itirildiyini etiraf edib. Güclü silahlı qüvvələrimizin yerə-göyə sığdırılmayan F-35-i vuran ilk ordu olduğu təsdiqlənmiş oldu" deyərək Vaşinqtona xitabən istehza edib.
ABŞ Prezidenti Donald Tramp fevralın 28-də İranın dini lideri Ayətullah Əli Xameneinin ölümü ilə nəticələnən hava hücumlarını başlatmış, bu vəziyyət Hörmüz boğazının blokadaya alınmasına və regional müharibəyə yol açmışdı.
Tramp administrasiyası əməliyyatları uğurlu adlandırsa da, meydandan gələn məlumatlar ABŞ-ın gözləniləndən çox daha ciddi itkilər verdiyini göstərir.
Son olaraq, ABŞ kəşfiyyat mənbələri İranın hərbi sənaye infrastrukturunu təxmin ediləndən çox daha sürətlə yenidən inşa etdiyini bildirib.
CNN-ə danışan bir ABŞ rəsmisi Tehranın PUA istehsalına yenidən başladığını, məhv edilən raket qurğularının yerini doldurduğunu və İranın hərbi bərpa sürətinin kəşfiyyat proqnozlarını geridə qoyduğunu ifadə edib.




