Polşa ABŞ-dan aldığı sonuncu "C-130H Hercules" təyyarəsini təhvil götürüb
Polşa Hərbi Hava Qüvvələri ABŞ-dan satın alınan beş "C-130H Hercules" tipli hərbi-nəqliyyat təyyarəsindən ibarət partiyanın sonuncusunu təhvil alıb.
AFN.az xəbər verir ki, bu barədə Polşanın "Wirtualna Polska" internet portalı məlumat yayıb.
Bildirilir ki, 1510 bort nömrəli sonuncu nəqliyyat təyyarəsi, partiyanın digər dörd maşını kimi, Povidz yaşayış məntəqəsi yaxınlığındakı 33-cü Nəqliyyat Aviasiyası Bazasında yerləşdiriləcək.
Sözügedən partiya üzrə təyyarələrin Polşaya çatdırılmasına 2022-ci ildən başlanılıb. Portal qeyd edir ki, gətirilən "C-130H Hercules" təyyarələrinin orta yaşı 35-dən yuxarıdır. Polşa Müdafiə Nazirliyi bu beş təyyarədən ibarət partiya üçün ümumilikdə təxminən 14 milyon dollar ödəyib.
Məlumat üçün bildirək ki, Polşa Hərbi Hava Qüvvələrinin arsenalında ABŞ istehsalı olan "Hercules"lərdən başqa, İspaniyanın "CASA C-295" nəqliyyat təyyarələri və Polşa istehsalı olan "PZL M28 Bryza" yüngül təyyarələri də istismar edilir.

