"Prinston"da süni intellekt zəlzələsi: 133 illik imtahan ənənəsi tarixə qovuşur



Dünyanın ən nüfuzlu universitetlərindən biri olan "Prinston" tələbələrin süni intellekt və smartfonlar vasitəsilə köçürməsinin qarşısını almaq məqsədilə 133 ildir tətbiq etdiyi nəzarətçisiz imtahan sisteminə son qoyur.

AFN.az xəbər verir ki, ABŞ-dəki Prinston Universiteti tələbələrin köçürmək üçün süni intellektdən istifadə etməsindən sonra tarixi bir qərara imza atıb.

"Ivy League" üzvü olan köklü təhsil ocağında 1893-cü ildə tələbələrin tələbi ilə tətbiq edilən və professorlar olmadan imtahan keçirilməsinə şərait yaradan "şərəf kodu" sistemi akademiklərin səsverməsi ilə ləğv edilib. Qarşıdakı yay mövsümündən etibarən bütün əyani imtahanlarda artıq nəzarətçinin iştirakı məcburi olacaq.

Fakültə dekanı Maykl Qordin həm tələbələrdən, həm də müəllim heyətindən bu istiqamətdə sıx tələblərin gəldiyini bildirib.

Qordin süni intellekt və mobil telefonların köçürmə prosesini asanlaşdırdığını, bunun qarşısını almağı və aşkarlamağı isə çətinləşdirdiyini vurğulayıb.

Tələbələr arasında rəqəmsal ifşa və kibermühakimə qorxusu səbəbindən köçürənləri şikayət etmə göstəricisinin aşağı düşməsi də bu qərarın qəbul edilməsində mühüm rol oynayıb. Keçirilən sorğular tələbələrin demək olar ki, yarısının hər hansı qayda pozuntusuna şahid olmasına baxmayaraq, bunu bildirməməyi seçdiyini göstərir.

Yeni qaydalara əsasən, imtahan zalında əyləşəcək nəzarətçilər tələbələrin diqqətini yayındırmayacaq, sadəcə bir şahid kimi fəaliyyət göstərəcəklər. Hər hansı bir şübhəli məqam yarandıqda isə mövzu yenə də tələbələrdən təşkil olunmuş şərəf komitəsinə ötürüləcək.

Prinstonda yaşanan bu radikal dəyişiklik bütün dünyada təhsil müəssisələrinin süni intellekt dövrünə uyğunlaşmaq üçün apardığı böyük mübarizənin ən bariz nümunələrindən biri kimi qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu