Tramp kürdlərdən narazıdır: Bizi məyus etdilər
ABŞ Prezidenti Donald Tramp kürd birləşmələrini kəskin tənqid edərək, onları İran daxilindəki etirazçıları silahlandırmaq planlarını pozmaqda ittiham edib.
AFN.az xəbər verir ki, Oval ofisdə jurnalistlərə açıqlama verən Tramp, "İran xalqına dəstək" səylərindən danışarkən kürdlərdən çox məyus olduğunu bildirib.
"İranlılar küçələrə çıxmaq istəyirlər, lakin onların silahları yoxdur. Biz düşünürdük ki, kürdlər bizim silahlarımızı onlara ötürəcəklər, lakin onlar bizi yarıyolda qoydular", - deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, hələ mart ayında CNN telekanalı MKİ-nin (CIA) İranda xalq üsyanı başlatmaq məqsədilə kürd qüvvələrini silahlandırdığı barədə məlumat yaymışdı.
Tramp bu təşəbbüsün uğursuzluğa düçar olacağını əvvəlcədən proqnozlaşdırdığını iddia edib: "Mən bunun işə yaramayacağını demişdim. Administrasiyanın və MKİ-nin atdığı bu addımla razı deyildim. Onlar silahları təhvil verdilər, mən isə dedim ki, həmin silahlar heç vaxt hədəfə çatmayacaq. Və mən haqlı çıxdım".
Prezident əlavə edib ki, göndərilən silah və sursat partiyası İrana çatdırılmalı olsa da, kürd birləşmələri həmin silahları özlərinə saxlayıblar.
