ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Trampın qlobal tariflərini qanuna zidd hesab etdi
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın 1974-cü il Ticarət Qanununun 122-ci bölməsinə əsasən tətbiq etdiyi qlobal gömrük rüsumlarının hüquqa zidd olduğuna dair qərar çıxarıb.
AFN.az xəbər verir ki, Nyu-Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsi bəzi ştatların və şirkətlərin qlobal gömrük tariflərinə qarşı açdığı iddia üzrə qərarını elan edib.
Qərarda 20 fevral 2026-cı il tarixli “Əsas beynəlxalq ödəniş problemlərinin həlli məqsədilə müvəqqəti idxal əlavə rüsumunun tətbiqi” adlı prezident bəyannaməsinin hüquqa zidd olduğu üçün etibarsız sayıldığı qeyd edilib.
Vaşinqton ştatı ilə yanaşı "Burlap and Barrel" və "Basic Fun" şirkətləri üçün bəyannamənin icrasının dayandırılmasına qərar verilərkən, sözügedən iddiaçıların 122-ci bölmə çərçivəsində ödədikləri gömrük rüsumlarının qanuni faizləri ilə birlikdə geri qaytarılmasına hökm edilib.
Məlumat üçün bildirək ki, bu qlobal tariflər ABŞ Ali Məhkəməsinin qərarından dərhal sonra açıqlanmışdı.
Belə ki, ABŞ Ali Məhkəməsi fevralın 20-də Tramp tərəfindən qüvvəyə minən tariflərin əsaslandırıldığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının (IEEPA) prezidentə tarif təyin etmək səlahiyyəti vermədiyi barədə qərar vermişdi.
Həmin gün Donald Tramp Ali Məhkəmənin qərarından sonra hazırda tətbiq olunan tariflərə əlavə olaraq 10 faiz dərəcəsində qlobal tarif tətbiq edilməsi barədə sənəd imzalayacağını bildirmişdi.
İmzalanan bəyannamədə Trampın 1974-cü il Ticarət Qanununun 122-ci bölməsi üzrə səlahiyyətlərindən istifadə etdiyi qeyd olunmuşdu.
Bu çərçivədə ABŞ-a idxal edilən məhsullara 150 gün müddətinə 10 faiz dərəcəsində idxal vergisi gətirilmiş, qərarın fevralın 24-dən qüvvəyə minəcəyi vurğulanmışdı.
Tramp isə fevralın 21-də həmin 10 faizlik qlobal tarif dərəcəsini 15 faizə qaldıracağını elan etmişdi.
