Keçmiş şahzadə Endrüyə silahlı hücum olub
Britaniyanın “The Telegraph” nəşri hazırda yalnız Mountbatten-Vindzor soyadını daşıyan keçmiş şahzadə Endrünün evinin yaxınlığında silahlı şəxsin saxlanılmasının təfərrüatlarını yayımlayıb.
AFN.az xəbər verir ki, Mountbatten-Vindzor yeni evinin yaxınlığında maskalı şəxs tərəfindən təhdid edilib. Hadisə çərşənbə günü yerli vaxtla saat 19:30 radələrində, keçmiş şahzadə Norfolk qraflığındakı Sandrinqem malikanəsinin ətrafında itlərini gəzdirərkən baş verib.
Məlumata görə, avtomobildən düşən maskalı şəxs qışqıraraq ona tərəf yönəlib. Şəxsi mühafizəçisinin müşayiət etdiyi keçmiş York hersoqu dərhal yaxınlıqdakı avtomobilinə tərəf qaçaraq yüksək sürətlə ərazidən uzaqlaşıb. Şübhəli şəxs isə onu qovmağa çalışıb.
Həmin şəxs ictimai asayişi pozmaqda və silah saxlamaqda şübhəli bilinərək Norfolk polisi tərəfindən hadisə yerindəcə saxlanılıb. Hadisə şahzadənin keçən il Vindzordakı “Royal Lodge”dan köçdüyü “Marsh Farm” mülkünün yaxınlığında baş verib. Bildirilir ki, baş verənlərdən sarsılan eks-şahzadə və mühafizəçisi ifadə verməyə çağırılıb.
Xatırladaq ki, Kral Çarlz 2024-cü ildə Ceffri Epşteyn qalmaqalı ilə əlaqədar kiçik qardaşını şəxsi müavinətdən və dövlət mühafizəsindən məhrum edib. Hazırda onun yaşadığı Norfolk mülkü Vindzorla müqayisədə ictimaiyyətə daha açıqdır və bu da təhlükəsizlik narahatlıqlarını artırır.



