Bessent Rusiya neftinə tətbiq edilən sanksiya güzəştlərinin uzadılmasını istisna etdi
ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, Vaşinqton Rusiya nefti və neft məhsullarının Amerika sanksiyalarından müvəqqəti çıxarılması rejimini yenidən uzatmağı planlaşdırmır.
AFN.az-ın "Associated Press" agentliyinə istinadən məlumatına görə, nazir bildirib ki, hazırda dənizdə olan və əvvəlcədən yüklənmiş Rusiya nefti artıq böyük ölçüdə tükənib, ona görə də yeni güzəşt müddətinə ehtiyac görmür.
Bessent eyni zamanda İrana məxsus tankerdəki neftin satışına icazə verən yeni baş lisenziyanın buraxılmasını da istisna edib. "İranlılara gəlincə, bu baş verməyəcək. Hazırda blokada tətbiq olunur və oradan neft çıxarılmır", — deyə nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi martın 12-də gəmilərə yüklənmiş Rusiya neftinin satışı üzrə əməliyyatlara icazə vermişdi və həmin lisenziyanın müddəti aprelin 11-də başa çatmışdı. Lakin aprelin 17-də nazirlik gözlənilməz qərarla aprelin 17-dək yüklənmiş neftin satışı, daşınması və boşaldılması üçün mayın 16-dək yeni icazə sənədi dərc etmişdi.
Skott Bessentin son açıqlaması bu güzəştli dövrün mayın 16-dan sonra artıq yenilənməyəcəyini qəti şəkildə təsdiqləyir. Bu addım Vaşinqtonun Rusiya və İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq rıçaqlarını daha da sərtləşdirmək niyyətində olduğunu göstərir.
