İran: Danışıqlar ABŞ-ın həddindən artıq tələbləri səbəbindən uğursuz oldu
ABŞ İslamabadda keçirilən danışıqlarda hərbi əməliyyatlar zamanı nail ola bilmədiklərini əldə etməyə çalışsa da, məğlubiyyətə uğrayıb.
AFN.az xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin rəhbəri Qolyam Hüseyn Möhsini-Ejei bildirib.
"Amerikalılar özlərinə məxsus təkəbbür və lovğalıqla, köhnə danışıqlar düsturu — yalan tələbləri diktə etmək yolu ilə İslamabad danışıqlarına gəldilər. Onlar 40 günlük müharibədə əldə edə bilmədiklərini birbaşa danışıqlar masası arxasında almaq istəyirdilər. Lakin Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti İran xalqının qanuni hüquqlarını və nailiyyətlərini müdrikliklə müdafiə etdi. Tamahkar və təkəbbürlü amerikalılar, 40 günlük müharibə meydanında olduğu kimi, burada da uğursuzluğa düçar oldular", — deyə Möhsini-Ejei qeyd edib.
O, həmçinin ordunun hazırlıq vəziyyətinə toxunaraq əlavə edib: "Hərbçilərimizin barmaqları tətikdədir və müvəqqəti atəşkəs bu döyüşçülərin ruh yüksəkliyinin zəifləməsinə və ya sarsılmasına səbəb olmayıb".
Xatırladaq ki, İslamabad danışıqları regionda gərginliyin azaldılması və nüvə proqramı ilə bağlı müzakirələr məqsədilə təşkil olunmuşdu.
