6 nəfərin zəhərləndiyi obyektin fəaliyyəti dayandırıldı - Araşdırma başlanıldı
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.
AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan bildiriş əsasında dərhal araşdırmalara başlanıb. İlk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub və iaşə obyektinin fəaliyyəti dayandırılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.



