İrandan Türkiyəyə atılan balistik raket NATO qüvvələri tərəfindən məhv edilib
Türkiyənin hava məkanına qarşı ciddi raket təhlükəsi NATO qüvvələri tərəfindən zərərsizləşdirilib.
AFN.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, İran ərazisindən start götürən balistik raket İraq və Suriya səmasını keçdikdən sonra Türkiyə sərhədlərinə yönəlib.
Hadisəyə dərhal müdaxilə edən Aralıq dənizinin şərq hissəsindəki NATO hava və raketdən müdafiə sistemləri raketi Suriya səmasında hədəf alaraq havada parçalayıblar. Raketin bəzi qalıqları Türkiyənin Hatay vilayətinin Dörtyol rayonuna düşsə də, hadisə nəticəsində hər hansı tələfat və ya yaralanma qeydə alınmayıb.
Rəsmi Ankara hadisə ilə bağlı kəskin reaksiya verərək, ölkənin təhlükəsizliyinə yönəlmiş istənilən təhdidə qarşı cavab vermək hüququnu özündə saxladığını bəyan edib. Eyni zamanda, Türkiyə tərəfi regiondakı bütün tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.

